28 
Noy
2014
19:31
29
185
40403
Virtual karabakh

Evli kişilər sevgili saxlamaq üçün bu bazardan keçir - REPORTAJ + FOTO

28 Noy, 2014
19:31
40403

Evli kişilər sevgili saxlamaq üçün bu bazardan keçir - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tələbə qız adı ilə bura elə adamlar gəlir ki...”

Bura Neftçilər metrosundakı məşhur ev bazarıdır. Əslində yaşlıların istirahəti, uşaqların isə əyləncəsi üçün nəzərdə tutulmuş parkın təyinatı artıq dəyişib. Hətta parkın içindən keçib, yolun o biri üzünə adlayanları da “2 otaq, 2 otaq, metronun yanında...” tipli çağırışlar rahat buraxmır. Maklerlər, makler köməkçiləri, ev sahiblərinin şəxsən özləri... Qəribə dünyadır burası. 

Oxu.Az xəbər verir ki, ailem.az-ın reportyoru da bu “dünya”nın bir neçə dəqiqəsində olmaq üçün sözügedən bazara yollanıb. Amma jurnalist kimi yox, potensial kirayənişin kimi...

“TƏLƏBƏ QIZ ADI İLƏ BURA ELƏ ADAMLAR GƏLİR Kİ...”

Öncə ondan başlayaq ki, bazardakı maklerlər az qala agent kimidilər. Səni başdan-ayağa süzmədən, cikinə-bikinə bələd olmadan evə “yaxın buraxmırlar”. Reportyorumuz “özü kimi tələbə olan bir qızla” birgə aylıq kirayəsi 200 manat, metroya yaxın yerlərdən birində 2 otaqlı mənzil istədiyini deyincə... qiyamət qopdu. Sağ olsunlar, elə bütün kartları da onda açdılar.

Adı Tarifə olan “makler köməkçisi” dedi ki, bəs bizim başımıza hava gəlib: “Metronun yanında dediyin kimi ev tapmaq olar? Bura səninçün Yevlax-zaddı, a bala? Bakının göbəyidi ee?”

Az keçmədən onun bu cikkəsinə başqa bir makler də hay verdi. Dedi ki, iki qız uşağı iki otaqlı evi neynir. Bir az da qabağa gedib hirsləndi: “Qız uşağısınız, yanınıza adam zad gələsi deyil ki, ayrı otaqlar istəyirsiniz. Özü də ev yiyəsi hər adama ev verən deyil. Böyüklərinizdən biriylə gələrsiniz, danışarıq”.

Məlum olur ki, ev bazarının “əxlaq polisləri” ilə üz-üzəyik. Adı Məhərrəm olan makler isə vəziyyəti yumşaltmaq üçün bildirdi ki, indi adamlara güvənmək olmur deyə, nəzarət güclənib: “Bir də görürsən, qızlar ev kirayə götürür, sonra oranı bazara çevirirlər. Biz də qalırıq ev sahibinin, maklerin yanında üzüqara. Mən burda 50 manata işləyirəm. Yəni hər evin kirayəsindən mənə 50 manat qalır. Tələbə qız adıyla bura elə adamlar gəlib ki...”

CAMAAT ŞƏHƏRDƏN KƏNARDAKI EVLƏRƏ ÜSTÜNLÜK VERİR 

Ümumi gəzişmə zamanı məlum oldu ki, təmirli, yaxud təmiri sovet dövründən qalan bir otaqlı evlərin qiyməti 250-300 manat, 2-3 otaqlı mənzillərin kirayə haqqı isə 300-500 manat arası dəyişir.

Bu rəqəmlər daha çox metrolardan kənarda yerləşən evlər üçün keçərlidir. Amma şəhərin daha “prestijli” bölgələrinə, məsələn, “Gənclik”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” metrosu həndəvərinə keçdikcə qiymətlər 500 manata qədər artır. Qiymətlər evin təmirindən və yerləşdiyi ərazidən asılıdır. Dəllallar deyir ki, hazırda insanlarda pul az olduğu üçün əksəriyyət şəhərdən kənarda, həyət evinə üstünlük verir.

100-150 MANATLIQ FƏHLƏ EVLƏRİ VƏ SAATBAŞI KİRAYƏLƏR...

Amma bazarda 100-150 manatlıq ev də tapmaq olar. Buna səbəb həmin evlərin (onlara evdən daha çox iri həyət evinin bir otağı demək olar) olduqca şəraitsiz, heç bir normaya cavab verməməsidir. Sözügedən evlərdə hətta elementar hamam-ayaqyolu sistemi də normal səviyyədə deyil. Makler Faiq deyir ki, bu cür evlərdən daha çox rayondan işləməyə gələn fəhlələr, subay oğlanlar istifadə edir: “Onlar səhər evdən çıxıb axşam yatmağa gəlirlər. Neynəyirlər yüksək şəraitli evləri?!”

Makler söhbət arası onu da bildirir ki, hazırda bazarın ən gəlirli müştəriləri evli kişilərdir. Onun sözlərinə görə, bu şəxslər gözdən uzaq, sevgililəri ilə münasibət yaşamaq üçün ev kirayələyirlər: “Şəhərdə elə maklerlər var ki, belə evləri saatla verirlər. Onların xüsusi müştəriləri də olur. Saatı 20-30 manata yaxşı şəraitli evlər var. Amma bizim bazarda elə söhbət yoxdu. Düzdü, evli kişilər gəlir, ev istəyirlər. Deyirlər ki, rayondan qohumum qalacaq-filan. Sonradan məlum olur, qonşular şikayət edir. Onda aləm dəyir bir-birinə...”

MAKLERLƏ TAKSİ SÜRÜCÜSÜNÜN MARAQLI ƏMƏKDAŞLIĞI

Bazarın daha bir maraqlı detalı. Burada müştəri evə baxmaq istədiyini deyirsə və maşını yoxdursa, deyilən ünvana getmək üçün taksi çağırır. Bu taksilər əsasən parkın yaxınlığında dayananlardır və bazardakı maklerlərlə işgüzar münasibətlər qurublar. Belə ki, müştəri gedəcəyi evi bəyəndiyi halda taksinin pulunu makler, əks halda müştəri ödəyir. Və maklerlər bir qayda olaraq mənzil başına avtobusla getmirlər. Bunu vaxt və əsəb itkisi kimi qiymətləndirirlər.

Bazardakı dəllallar xidmət haqqı üçün 50 manatdan az pul götürmürlər. Hər kirayələdikləri evə görə bu məbləği qazanan maklerlər vəziyyətdən şikayət edir. “Elə bilirsiniz, hər gün elə pul qazanmaq olur? Guya hamı hər gün kirayə ev tutur? Bax bu bloknota (əlini uzadıb göstərir), gör neçə ünvan var? Hamısı ağzı günə durub. Ev bazarı daha çox sentyabrda, avqustun sonunda yaxşı işləyir. Tələbələr gəlir. İlin ortasında kimdir ev axtaran?! Bir söz var e, deyir, uşağım olsun, amma pampers işlətməsin. Camaat istəyir, makler bunlara şəhərin hər yerindən ev tapsın, soraqlasın, bunlar da o adama 10-15 manat pul versinlər. Kim özünə rəva bilər hər gün, yağışda, küləkdə burda dayansın?” Bu nitqin müəllifi də bayaqkı Tarifə xanımdır.

Daha bir detal. Birinci 50 manatı kirayə ev istəyəndən alan dəllal ikinci “əlliliyi” kirayə ev verəndən alır. Əgər ev 200 manatadırsa, dəllal onu birinci ay üçün 250 manata “satır”. 50 manat da buradan qazanır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri