26 
Apr
2024
11:16
103
5
1220
Virtual karabakh

Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO

26 Apr, 2024
11:16
1220

Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda latın qrafikalı əlifbanın ilk əlyazması bu muzeydə qorunur. Sözügedən muzey qədim Şəkidə yerləşir, dahi mütəfəkkir M.F.Axundzadənin adını daşıyır və xatirə ev muzeyi kimi 85 il əvvəl təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olub.

Filosof alimin vəfatından isə 146 il ötür

Muzeyin direktoru Ulduz Xəlilova dahi mütəfəkkirin həyatı ilə bağlı danışarkən bildirib ki, Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb.

Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Ulduz xanım onu da əlavə edir ki, dövrünün müasir elmləri ilə maraqlanan Mirzə Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə isə o, Tiflisə gedir, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verir, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirir.

Xatirə ev muzeyi iki hissədən - Axundzadənin doğulduğu evdən və eksponatların nümayiş etdirildiyi sərgi salonundan ibarətdir.

Yeri gəlmişkən, muzeydə 600-ə yaxın eksponat nümayiş etdirilir. Onların sırasında elə bir nadir eksponat var ki, qiyməti, dəyəri əvəzolunmazdır. Bu eksponat dahi mütəfəkkirin əl yazısı şəklindədir. Çoxları hələ də bilmir ki, dahi mütəfəkkir həm də latın qrafikalı əlifbanın ilk müəllifi hesab olunur. Muzeydəki ən qiymətli eksponatlardan biri də məhz M.F.Axundzadənin ilk dəfə latın əlifbası ilə bağlı hazırladığı layihədir.

Qeyd edək ki, M.F.Axundzadə öz yaradıcılığında həmişə dünya maarifçiliyinə böyük önəm verib. 1878-ci ilin mart ayında ürək xəstəliyindən Tiflisdə vəfat edən filosof alim elə həmin şəhərin müsəlman qəbiristanlığında dəfn olunub. Təsadüfi deyil ki, dahi mütəfəkkirin əziz xatirəsi Tiflisdə də hər zaman ehtiramla anılır. Hazırda bu şəhərdə Axundzadənin adını daşıyan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri