Dek
2013
20:10
31
16
5760
Virtual karabakh

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi möhtəşəm tədbir keçirdi – Foto

6 Dek, 2013
20:10
5760

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi möhtəşəm tədbir keçirdi – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirdə millət vəkilləri, Yol Polisinin nümayəndələri və digər ictimai şəxslər iştirak ediblər.

Bu gün Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də PİYADAYAM: “Yol hərəkəti qaydalarına riayət edək!” şüarı ilə maarifləndirici aksiya keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanda yol təhlükəsizliyinin təmin olunması sahəsində mövcud problemlərin aradan effektiv şəkildə qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir.

Tədbir sürücü və piyadaların, uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması və İntellektual İdarəetmə Sistemi haqqında ətraflı məlumat verilməsi məqsədilə təşkil edilib.

Tədbirdə NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı çıxış edərək, vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə səslədi: 

“Hər birimiz televiziya, radio vasitəsilə kifayət qədər informasiya alırıq, və Azərbaycanda yol qəzalarının nəticəsində insan ölümlərinin sayının artdığını müşahidə edirik. Bəzən insanlar şüurlu şəkildə qaydaları pozurlar. Tədbiri keçirməkdə məqsədimiz vətəndaşlarımızı qaydalara riayət etməyə və insan ölümü hallarının qarşısını almağa səsləməkdir”.

Sonra tədbirdə çıxış edən “Park Bulvar” alış-veriş mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Günay Malikqızı vurğulayıb ki, bu aksiya həyatın təhlükəsizliyinin təmin olunması istiqamətində çox önəmli bir addımdır.

“Məqsədimiz ondan ibarətdir ki, vətəndaşlarımızı maarifləndirək və bunun nəticəsində ölüm faktlarını azaldaq”.

Tədbirə dəvət almış Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədov vurğulayıb ki, ölkədə nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə bağlıdır.

Əhalini parketmə təhlükəsizlik qanunlarına riayət etməyə çağıran V.Əsədov ölkə üzrə inşa edilən yeraltı və yerüstü piyada keçidlərinin insanların həyatı üçün nə dərəcədə vacib olduğunu vurğuladı. 

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Elton Məmmədov öz nitqində əvvəlcə bu önəmli tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət nəticəsində bu gün piyadanın təhlükəsizliyini qorumağa yönəlmiş yeraltı və yerüstü piyada keçidləri inşa olunub, Bakı şəhərində tıxacları aradan qaldırmaq üçün NİİM-in müxtəlif cihazları qurulub. 

Deputat vurğulayıb ki, prezident İlham Əliyev heç bir vətəndaşın taleyinə biganə qalmır:

“Əgər prezident heç bir vətəndaşa heç zaman biganə qalmırsa, o zaman biz də heç kimin taleyinə biganə qalmalı deyilik”. 

Elton Məmmədov qeyd edib ki, aksiyada nümayiş olunan proseslər hamı üçün önəmlidir, yol qaydalarına riayət etmək tək piyadalara deyil, hər kəsə aiddir.

Aksiyada çıxış edən Milli Məclisinin deputatı Jalə Əliyeva keçirilən bu aksiyanın bütün vətəndaşlar üçün önəmli olduğunu və məqsədin bir anda minlərlə insanın həyatına xitab vermək olduğunu qeyd etməyi də unutmadı. 

Sonra tədbirdə tanınmış teleaparıcı Emin Musəvi çıxış edərək, baş verən yol qəzalarında piyadaların da məsuliyyət daşıdığını qeyd etdi. O, gənc sürücüləri ehtiyatlı olmağa, sükan arxasında olarkən mobil telefondan istifadə etməməyə çağırdı.

Tədbirin ziyarətçilərini məlumatlandıran NİİM-in mütəxəssisləri qeyd ediblər ki, Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzi paytaxtda yol hərəkətinin tənzimlənməsi üçün 60 ədəd müşahidə kamerası, 44 ədəd parklamaya nəzarət kamerası, 48 ədəd informasiya tablosu , 664 ədəd avtobus informasiya terminalı , 326 ədəd aşkarlayıcı kamera və 2000 ədəd bort avadanlığı quraşdırılıb.

Tədbirin sonunda “Göy Qurşağı” uşaq rəqs ansamblı çıxış edib, ziyarətçilər arasında viktorina keçirilib, onlara müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbir dekabrın 8-dək davam edəcək.

Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri