28 
Okt
2015
16:55
35
162
16730
Virtual karabakh

Nazir ona yazılan şeiri bəyənmədi: Şair cəzalandırıldı

28 Okt, 2015
16:55
16730

Nazir ona yazılan şeiri bəyənmədi: Şair cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atan əvəzidi bütün qocalar, balantək sevirsən bütün gəncləri”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələq şöbəsi “525-ci qəzet”in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirlərinin dərc olunması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şeirlərdən biri “Hamıya yaxşılıq” adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub:

“Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilmişdir. Qeyd etmək istəyirik ki, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində şeiri nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırmışdı. Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilmiş və yuxarıda qeyd etdiyimiz kimi müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.  

Ümumilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və Nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradıcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir. Bu hadisə Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsinin çap etdirməsi pislənmiş və bir daha təkrarlanmaması tapşırılıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub”.

Həmin şeiri təqdim edirik:

Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri