19 
İyl
2017
15:30
263
69
4312
Virtual karabakh

Lapşin: Ümid edirəm, Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar - YENİLƏNİB

19 İyl, 2017
15:30
4312

Lapşin: Ümid edirəm, Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib. 

O, A.Lapşinə bəraət verilməsini istəyib. 

Sonra bloqerin özü son söz deyib. O, son sözündə ittihamları qəbul etməsə də, peşmançılıq hissi keçirdiyini deyib.

O, dünyanın 126 ölkəsində olduğunu, ömrünü gəzməklə keçirdiyini deyib: “Özümü günahkar hiss etmirəm. Lakin bəzi şeylərə görə özümü peşman hiss edirəm. Ona görə hiss edirəm ki, düşünmədən bilmədən Azərbaycan və onun xalqına zərər vurmuşam. Mən bu bölgəni tanımırdım. Maraqlananda da yalnız erməni mənbələrdən məlumat almışam. Xəbərim olmayıb”.

A.Lapşin daha sonra deyib: “Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar”.

Daha sonra hakimlər müşavirəyə gedib. Onların müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcəkləri gözlənilir. 

15:10

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda A. Lapşinin vəkili Eduard Çernin çıxış edib. O, çıxışında A. Lapşinə bəraət istəyib. Vəkil deyib ki, A.Lapşinə qarşı irəli sürülən ittihamlar əsassızdır: “Burada verilən ekspert rəyi də mötəbər sübutlara əsaslanmayıb. Çünki Lapşin məqalələrində heç bir halda Azərbaycanın ərazi bütövlüyünü pozan çağırışlar etməyib”.

Bundan sonra A. Lapşin son sözlə çıxış edib.

Xatırladaq ki, prokuror A.Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı deyib ki, A.Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri