23 
Avq
2017
14:40
59
16
2926
Virtual karabakh

Vüqar Həşimov Akademiyasında master-klass - FOTO

23 Avq, 2017
14:40
2926

Vüqar Həşimov Akademiyasında master-klass - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vüqar Həşimov adına Şahmat Akademiyasında gənc şahmatçılar üçün ustad dərsi keçirilib. Beynəlxalq qrossmeyster Rəşad Babayevin keçirdiyi master-klassda 20-dək 8-14 yaşlı şahmatçı iştirak edib.

“Bunu onun xatirəsini yad etmək üçün edirəm”

“Onlar arasında Azərbaycan çempionları, Avropa, dünya mükafatçıları var, yəni ustad dərsində iştirak edənlər öz yaşıdları arasında sözlərini deyən şahmatçılardır”, - Rəşad Babayev deyir. Vüqar Həşimovun uşaqlıq dostu, həmçinin sparrinq-tərəfdaşı olan Rəşad 36 illik ömrünün 31-ni şahmata həsr edib. Beynəlxalq qrossmeysterin qənaətinə görə, mühazirədə öyrətdiklərini kitablardan da öyrənmək olar, lakin bu, o qədər də effektli olmaz: “Mənim mühazirəm təşəbbüsə aid idi. Bu, şahmatda böyük elementdir. Uşaqlar bu elementi sonra öz yarışlarında istifadə edirlər.  Bu da nəticə verir, şahmat sahəsi inkişaf edir. Bizim məqsədimiz öz təcrübəmizi gələcək nəsillərə ötürmək, gələcəyin Vüqarı, Teymuru, Şəhriyarının  inkişafına yardımçı olmaqdır. Bu, onlar üçün böyük addımdır. Onlar bu cür görüşlərdə yeni ideyalar öyrənir, inkişaf edirlər”.

Gələcək oyunlarda yaxşı nəticə əldə etmək 8 yaşlı İsmayıl Süleymanlının da arzusudur. Azyaşlı olmasına baxmayaraq, o, artıq 7 yaşlılar arasında keçirilən Azərbaycan çempionatının qalibi olub. Növbəti hədəfi 15 gün sonra Rumıniyada start götürəcək qitə birinciliyidir. Azyaşlı şahmatçı deyir ki, bu ustad dərsi onun üçün səmərəli olub: “Təşəbbüsü ələ almağı burada öyrəndim və bunu Rumıniyada tətbiq etməyə çalışacam. Kombinasiyalarda iki cütləşmiş piyadaların güclü olduğunu öyrəndim. Yəni qoşalaşmış piyada, adətən, zəif piyadalar sayılır, amma təşəbbüsdən istifadə edərək, bu cütlüyü gücləndirmək olar”.

“7-8 yaşlı qızı erməni ilə üzbəüz oturdanda, valideyn həyəcan hiss edir, bu da uşağa keçir”

Ustad dərslərində təkcə gənc şahmatçılarla onların müəllimləri iştirak etmir. Gələcəyin qrossmeysterinin necə yetişdiyini, lazım gələndə məsləhət və dəstəyi əsirgəməyəcək valideyn də bu mühazirənin dinləyicilərindəndir. Rasim Hüseynov 9 il əvvəl böyük qızını şahmatla məşğul olmağa yönəldib. Hazırda 14 yaşı olan Aydanın 6 yaşlı bacısı da ailədəki bu ənənəni davam etdirir. Ata deyir ki, uşaq şahmatında əsas fərqləndirici cəhət odur ki, uşaq diqqətli olmalıdır, dərəcəsindən asılı olaraq, gündə bir neçə saat məşq etməli, valideynlər isə dəstək verməklə yanaşı, onları acılamamalıdır.

Xüsusilə gənc şahmatçı prinsipial rəqiblə görüşəndə: “Təbii ki, 7-8 yaşlı qızı erməni ilə üzbəüz oturdanda, valideyn həyəcan hiss edir, bu da uşağa keçir. Qızım Abu-Dabidə dünya çempionatında olub. Hansı millətin nümayəndəsi qarşısında azərbaycanlı oturursa, bilir ki, mübarizə axıracan olacaq. Çünki uşaqlarımız heç-heçəyə oynamır, ancaq qələbə. Bizdə heç-heçə alındı. Bu, idmandır. Bu, bizim birinci qarşılaşmamız idi. Sonra Ulyavoskda  MDB ölkələri arasındakı turnirdə biz qonşularımızı darmadağın etdik”.

“Şahmatçılarda istedad var, lakin maliyyə dəstəyi çox vacib rol oynayır”

Mütəxəssislər deyir ki, azərbaycanlı valideyn uşaqlarını intelektual fəaliyyətlərə cəlb etməyə meyillidir.

Beynəlxalq dərəcəli idman ustası, yığma komandanın məşqçisi  Anar Allahverdiyev  əmindir ki, məhz buna görə şahmata gəlmək, onunla məşğul olmaq istəyənlərin sayı artır. Onun qənaətinə görə,  Azərbaycanda şahmat ənənələri qədimdir.

Elit şahmatda Azərbaycanın 3 nümayəndəsinin adı həkk olunub: mərhum Vüqar Həşimov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov. Bundan başqa, 2700 əmsal toplayan, yəni elit şahmatçılar sırasına yaxın bir neçə qrossmeysterimiz var: Eltac Səfərli, Rauf Məmmədov, Vasif Turalbəyli, Qədir Hüseynov.

12 yaşlı istər oğlan, istərsə də qız şahmatçılar arasında böyük potensiala malik olanlar var.  Ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə son 10 il ərzində  Azərbaycanda Dünya kuboku, Dünya Şahmat Olimpiadası, 2 dəfə Qran-Pri silsilə turnirləri, dünya yığmasının Azərbaycan komandası ilə qarşılaşması, qadınlar arasında iki dəfə super turnir, nəhayət, 4 il ardıcıl olaraq Şəmkirdə V.Həşimovun xatirəsinə memorial turnirlər təşkil olunub.

Müsahibimiz deyir ki, Vüqar Həşimov dünyasını dəyişəndən sonra komanda hesabında problemlər yaşanır: “Şahmatçılarda istedad var, lakin maliyyə dəstəyi çox vacib amildir. 1998-ci ildə Heydər Əliyev şahmatçılarımızla görüşlər keçirib. O, həmin dönəm şahmatçılara öz xeyir-duasını verib, maliyyə yardımının ayrılmasını təmin edib, bir sözlə, bizə dəstək verib. Maliyyə dəstəyi və potensial indi də Azərbaycanda şahmatçıların formalaşmasına şərait yaradıb. Bunu təkrarlamaq üçün uşaqların, məşqçi heyətin potensialını nəzərə almaq lazımdır. Maliyyə dəstəyi gücləndirilsə, biz daima Vüqarlar, Teymurlar, Şəhriyarlar “istehsal edə bilərik”.

“İstehsalat” hələlik ustad dərslərinin keçirilməsi ilə davam edir. Əməkdar idman ustası qeyd edir ki, hər mühazirə şahmatçı üçün bir pillə irəli getmək deməkdir. Uşaqlar belə görüşlərdən sonra daha həvəslə şahmatla məşğul olur, böyük zirvələrə can atır, öyrəndikləri yeni ideya və variantlar onlara başqa sahələrdə öz töhfələrini verməyə şərait yaradır, qrossmeyterlərlə ünsiyyət isə  inkişafa stimul verir. Master-klasslar uşaqların psixoloji vəziyyətinə təsirsiz ötüşmür, onların anlayışlarını artırır. Biz uşaq olanda belə master-klasslar yox idi”, - gülümsəyərək  Anar Allahverdiyev sözünü yekunlaşdırır.

Vüqar dünya reytinqində altıncı olsa da, insanlıqda birinci yerdə idi”

2016-cı ilin oktyabrından fəaliyyət göstərən Vüqar Həşimov adına Şahmat Akademiyasında keçirilən bu master-klass sayca dördüncüdür. Akademiyanın təsisçici, mərhum qrossmeysterin atası Qasım Həşimov deyir ki, akademiyadakı mühazirələri dinləmək üçün Azərbaycanın dörd tərəfindən 8-14 yaşlı şahmatçılar dəvət olunur. Qədir Hüseynov, Sergey Karyakin və Şəhriyar Məmmədyarov  akademiyada olub və ustad dərsləri veriblər. Şəhriyar Məmmədyarov 14 yaşlılardan 8 şahmatçıya şahmat seansı verib. Bu ilin aprelində Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlumjınov da akademiyaya baş çəkib: “Bizdə dərslərin səviyyəsi və keyfiyyəti yüksəkdir. 20-dən çox proqramımız  var ki, müəllimlərimiz onlardan istifadə edir. Şahmatın Azərbaycanda inkişafı, xüsusilə usta dərslərinin verilməsi Vüqarın arzusu olub. O, Gəncədə, Bakıda böyük əmək sərf edirdi. Şahmatçıların inkişafı üçün bu cür tədbirlərin keçirilməsi çox vacibdir”.

Tamamilə təmənnasız olan bu master-klassların məqsədi daha çox gənc şahmatçını cəlb etmək və onlara yeni biliklər aşılamaqdır. Bu bilikləri dünya şöhrətli şahmat ustalarının master-klassları ilə yanaşı, onların oyunlarını izləməklə mənimsəmək mümkündür. Gələn il Şəmkirdə V.Həşimovun xatirəsinə həsr olunmuş sayca 5-ci beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. Belə yarışları izləyən gənc şahmatçılar gələcəyin Vüqarlarına çevrilir.

İsmayıl Fətəliyev

Foto: Ehtiram Cəbi

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri