Noy
2018
09:11
185
47
7510
Virtual karabakh

Stadnik: Özümdən razılıq məğlubiyyətimə səbəb oldu - FOTO/VİDEO

Güləş üzrə dünya çempionumuz, yeddiqat Avropa çempionumuz, Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının qalibi, Olimpiadanın üçqat mükafatçısı Mariya Stadnikin Oxu.Az-a müsahibəsi

– Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında gümüş medal qazandınız. Çıxışınızı necə qiymətləndirirsiniz?

– Nəticədən razı qalmadım. Çünki qızıl medal qazanıb ikinci dəfə dünya çempionu olmaq istəyirdim. Təəssüf ki, final görüşümü çox pis keçirdim. Düzdür, mənim əsas prinsipim Olimpiya çempionluğudur. Ona görə də bu nəticə mənim üçün o qədər də önəm daşımır. Çünki Olimpiadaya bir ildən çox vaxt var. Mənim hələ hazırlaşmağa, öz səhvlərim üzərində işləməyə vaxtım olacaq. Ona görə də düşünürəm ki, qorxulu nə isə baş verməyib.

Onu da başa düşürəm ki, məni dəstəkləyən hər insan sürətli, texniki qələbələrimə öyrəşib. Ancaq təəssüf ki, dünya çempionatının başlanmasına bir həftə qalmış xəstələndim. Ona görə də bərpa olunmağım üçün az vaxtım oldu. Buna baxmayaraq, finaladək yaxşı çıxış etdim. Lakin finalda bu çıxışımı davam etdirə bilməyərək belə nəticə göstərdim.

Üstəlik, finalda məşqçinin taktiki göstərişinə qulaq asmadım. Halbuki finaldan öncə necə güləşməli olduğumuzu müzakirə etmişdik. Düşünürdüm ki, vərdiş etdiyim formada güləşsəm, qalib gələcəyəm. Amma bu mənim ən böyük səhvim idi. Özümdən razılıq sonda belə məğlubiyyətimə gətirib çıxardı.

Yeri gəlmişkən, finaldan sonra məndən açıqlama gözləyən jurnalistlərdən üzr istəyirəm. Mən emosional insanam. İstəmədim ki, çıxıb pis sözlər danışım. Düşündüm ki, yaxşısı budur, susum, növbəti gün sakit başla danışaram.

– Finaldakı rəqibiniz Yui Susakinin cəmi 19 yaşı vardı. Bu fakt da sizdə müəyyən arxayınçılıq yaratmadı ki?

– Bilirdim ki, o, gəncdir. Onunla əvvəl güləşmişdim. Bu rəqibimə bir dəfə qalib gəlmişdim və bir dəfə uduzmuşdum. Bu məni arxayınlaşdırmadı. Əksinə yaxşı hazırlaşmaq üçün stimul verdi. Çünki gənc güləşçilər güclü rəqibləri ilə görüşlərə həmişə enerjili, qalib gəlmək həvəsi ilə çıxırlar. Yaponlar sanki həmişə güləş zalında yatırlar (gülür). Onlar robot kimi öz işlərini görürlər. Təəccüblü heç nə yoxdur. O, ötən il Parisdə də dünya çempionu olmuşdu. Yəni yaşının az olmasına baxmayaraq, yeni güləşçiyə uduzmadım. Sadəcə, dediyim kimi, öz səhvlərim üzündən uduzdum.

– Siz onu bir dəfə hansı turnirdə yenmisiniz?

– Onu səhv etmirəmsə, Bakıdakı turnirdə yenmişdim. Dəqiq xatırlamıram. Amma bu ilin fevralında İsveçdə keçirilən beynəlxalq turnirin finalında ona 2:3 hesabı ilə uduzmuşdum (əslində görüş 2:2 başa çatmışdı – S.M.).

– Deməli, deyildiyi kimi, siz həmişə yaponlara uduzmursunuz...

– (gülür) Yox, həmişə uduzmuram. Sadəcə olaraq, yaponların əsas heyəti beynəlxalq turnirlərə az gedir. Onların əsas heyətləri ilə mən daha çox Olimpiada və dünya çempionatlarında qarşılaşıram. Ona görə də yaponlara uduzuram (gülür).

– Azərbaycanda hamı deyir ki, Mariya Stadnikin “yapon sindromu” var. Çünki üç dəfə dünya çempionatının, iki dəfə isə Olimpiadanın finalında yaponlar sizin qızıl medal qazanmağınızın qarşısını alıb. Onları yenməyin xüsusi yolları yoxdurmu?

– (gülür) Qoy belə desinlər. Yəqin Avropada məni yenən tapılmadığından, dünya çempionatlarında yaponlara uduzmağım belə deməyə səbəb olub. Yəqin ki, onların güləşi mənim üçün rahat deyil. Heç bir sindromum yoxdur. Onlar dünyanın ən güclü güləşçiləridirlər. Burda sindromluq bir şey yoxdur. Əgər Rio Olimpiadasının finalını xatırlayırsınızsa, mən yapon idmançısından nə fiziki, nə də texniki cəhətdən zəif deyildim. Sadəcə olaraq son on saniyədə ani diqqətsizliyimdən uduzdum.

Ona görə deyə bilmərəm ki, onlar məğlubedilməzdir. Bir şeyi də qeyd edim ki, mənim çəkimdə idmançılar tez-tez dəyişir. Sabit olaraq daim finala çıxan idmançı olmur. Yeganə mənəm ki, daim finala çıxıram. Yaponlar rus, amerikan, kanadalı və digərlərini də yenirlər. Finalda isə həmişə mən və yaponlar olduğu üçün sindrom söhbəti ortaya çıxır (gülür).

– Bəs rəqibinin yenə Yaponiyadan olması sizdə görüş öncəsi müəyyən həyəcan yaratmır?

– Yox. Çünki əvvəldən bilirəm ki, finalda onlarla qarşılaşacağam və yenə Azərbaycan – Yaponiya finalı olacaq. Amma onlarla qarşılaşacağıma görə yox, finalda görüşəcəyimə görə bir az həyəcan olur. 

– Bəlkə çəkinizi dəyişəsiniz. Məsələn, 57 kq-da yapon idmançı medal qazana bilmədi...

– (gülür) Bu, qorxaqlıq olar. Zəif rəqiblərin yer aldığı çəkilərdə güləşməyi özümə sığışdıra bilmərəm. Mənim üçün 48 və 50 kq-da güləşmək normaldır. Ona görə də çəkimi artırmaq və üstəlik bunu yaponlardan qaçmaq üçün etmək gülüncdür.

– Təbii ki, bu bir zarafat idi. Ümumiyyətlə, sizə çəki salmaq, yoxsa artırmaq daha rahatdır?

– Zarafat etdiyinizi başa düşdüm. Hər şey qaydasındadır... Sualınıza gəlincə, hazırkı çəkim fizioloji baxımdan mənə rahatdır. 50 kq mənə uyğun gəldiyindən, çəkimi dəyişməyi düşünmürəm. Yaxşı komanda, yaxşı məşqçilərimiz var. Düşünürük ki, hər şeyi düz edirik. Bu çəkidə mənim nəticələrim var. Üstəlik, mən ana olaraq həm uşaq böyüdürəm, həm məşqlərə gedirəm, həm güləşirəm. Bilmirəm, hansısa yapon güləşçi bunu edə bilir, ya yox (gülür).

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri