Noy
2018
13:38
23
149
3028
Virtual karabakh

Gənc dahilər var, amma pul yoxdur - Gözdən əlil şahmatçıların harayı

2 Noy, 2018
13:38
3028

Gənc dahilər var, amma pul yoxdur - Gözdən əlil şahmatçıların harayı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gözdən Əlil Şahmat və Damaçılar Federasiyası yarandığı gündən böyük uğurlar qazanır, ancaq maliyyə problemləri səbəbindən idmançıları müxtəlif turnirlərə göndərməkdə çətinliklər çəkir. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında federasiyanın prezidenti Camal Cabbarov deyib. 

Onun sözlərinə görə, təşkilat 2012-ci il noyabrın 29-da yaradılıb. 

“Bu vaxtdan sonra 3 dəfə - 2013, 2014 və 2015-ci illərdə Qafqazda ən yaxşı olduq. 2016-cı ildə isə gözdən əlillər arasında dama üzrə dünya birinciliyində üçüncü yerə çıxdıq. Həmçinin, 2017-ci ildə keçirilən olimpiadada 8-ci yeri tutduq. Bunu möhtəşəm nəticə hesab etmək olar”, - federasiya rəhbəri deyib. 

Camal Cabbarov qeyd edib ki, bu xidmətlərə görə Azərbaycanın gözdən əlil damaçılar yığması bu ilin əvvəlində dünyanın 16 ən güclü komandası siyahısına daxil olub və dünya birinciliyinə dəvət alıb. Ancaq maliyyə məsələləri bu turnirdə iştirak etməyə imkan verməyib. 

“Təsəvvür edin ki, 14 yaşlı Aydın Şahpələngov 2017-ci ildə keçirilən olimpiadada birinci lövhədə oynayıb. Digər komandaların tərkibindən isə birinci lövhədə oynamaq üçün dünya çempionları və idman ustaları qatılmışdılar. Bizim oğlan yaxşı nəticə göstərə bildi. Ancaq buna baxmayaraq, o, bu il yeniyetmələr arasında keçirilən dünya birinciliyində maliyyə problemləri səbəbindən iştirak edə bilmədi”, - müsahibimiz bildirib. 

Onun sözlərinə görə, bu günə qədər federasiyanın turnirlərdə iştirakı ya gənclər və idman naziri Azad Rəhimov tərəfindən, ya da ki, öz vəsaitləri hesabına maliyyələşirdi.

“Şəxsən mənə pul istəməyə utanıram. Biz kiçik büdcəyə sahib olmağa layiqik. Təəssüf ki, dünya birinciliyində qızıl medal qazanan üzvlərimizi sözlə də olsun heç kim təbrik etmir. Halbuki, Azərbaycan Şahmat Federasiyası dövlət tərəfindən böyük vəsaitlə təmin olunur”, - Cabbarov deyib və əlavə edib ki, şahmat gözdən əlillər üçün idmanın ən uğurlu növüdür. 

Gözdən əlil azərbaycanlı damaçıların uğurlarından danışan Camal Cabbarov bildirib ki, onlar 2016-cı ildə dünya çempionatında bürünc medal qazanıb. Ancaq 2017-ci ildə lisenziyanın olmasına baxmayaraq, eyni səbəblərə görə onlar da dünya birinciliyində iştirak edə bilməyiblər.

2018-ci ildə Gənclər və İdman Nazirliyi azərbaycanlı idmançıların Avropa çempionatına qatılmasını təşkil etdi.

“Bizdən qələbə gözləyirdilər və biz onu qazandıq. Pərviz Həsənov rapid və klassik dama üzrə Avropa çempionu oldu, mən isə gümüş medala sahib oldum. İki idmançı göndərdik və dörd medal (iki növ üzrə iki qızıl və iki gümüş) qazandıq. 

Bundan əlavə, bu ilin avqustunda dünya çempionatına dəvət aldıq, ancaq nazirlik bu səfəri maliyyələşdirmədi. Onda biz yarışa öz vəsaitimiz hesabına getmək qərarına gəldik. Hazırkı Avropa çempionu Pərviz Həsənov bu yarışda da qızıl medal qazandı, mən isə üçüncü yerə çıxdım. 

Pərviz Həsənov həmçinin 2017-ci ildə sağlam damaçılar arasında keçirilən Azərbaycan çempionatında iştirak edib və ölkə çempionu olub. Bu, bizim idmançıların səviyyəsindən xəbər verir”, - Camal Cabbarov əlavə edib. 

Federasiya rəhbəri fürsətdən istifadə edərək, gözdən əlil azərbaycanlı şahmatçı və damaçıları maddi cəhətdən dəstəkləmək üçün cəmiyyətə müraciət edib. 

Ə.Ş.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri