15 
Noy
2018
18:00
347
26
9126
Virtual karabakh

İrina Zaretskaya: Hər dəfə himninizi oxuyanda xalqınıza təşəkkür edirəm

15 Noy, 2018
18:00
9126

İrina Zaretskaya: Hər dəfə himninizi oxuyanda xalqınıza təşəkkür edirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın paytaxtı Madriddə keçirilmiş karate üzrə dünya çempionatının qalibi olmuş İrina Zaretskayanın (68 kq) Oxu.Az saytına müsahibəsi:

– Rafael Ağayevdən sonra dünya çempionu olan ikinci idmançımızsınız. Həmçinin dünya çempionu olmuş ilk qadın karateçimizsiniz. Dünya çempionu olmağa dair təəssüratlarınızı bilmək maraqlı olardı...

– Dünya çempionatına yaxşı hazırlaşmışdım. Evdə boş vaxtlarımı karateyə hazırlaşmağa ayırmışdım. Səhvlərim üzərində işləmişdim, rəqiblərimi yaxşı təhlil etmişdim. Ona görə də dünya çempionu oldum. İndi isə ağlasığmaz dərəcədə xoşbəxtəm. Adının tarixə, xüsusən Rafael Ağayev kimi dünya çempionundan sonra Azərbaycan karate tarixinə düşməsi olduqca xoşdur. Bu, məni növbəti nailiyyətlərə aparır.

– Hansı döyüşünüz sizin üçün daha çətin alındı?

– İlk döyüşüm asan alınmadı. Həmin misirli rəqibimə cari mövsüm bürünc medalı uduzmuşdum. Ona görə də ilk döyüşlə bərabər, bu amil məni bir qədər həyəcanlandırmışdı. 1:3 hesabı ilə ona uduzurdum. Bir dəqiqə qalmış ona qalib gəlmək çətin görünürdü. Çünki o, hesabı qorumağa çalışırdı. Ancaq texnika hesabına ona 4:3 hesabı ilə qalib gələ bildim.

Məhz bu xarakterim növbəti döyüşlərdə də qələbə qazanmağıma kömək etdi. Sonrakı rəqiblərimdən İsveçrəni təmsil edən rəqibim Elena Çuiritsi 2016-cı ildə fərdi şəkildə, bu il isə komanda şəklində Avropa çempionu olmuşdu. Həmçinin Slovakiyadan olan Miroslava Kopunova dünya çempionatının mükafatçısı idi.

– Bu il Mərakeş, Almaniya Premyer Liqa yarışlarında, eləcə də, Avropa çempionatının finalında uduzdunuz. Demək olarmı ki, bütün gücünüzü məhz dünya çempionatına saxlamışdınız?

– Doğrudan da, cari mövsüm məndə çempion olmaq üçün nəsə çatışmırdı. Hansısa səhvlərə yol verib uduzurdum. İndi isə məşqlər zamanı bu səhvlərim üzərində işləmişdim. Əhval-ruhiyyəm, motivasiyam dünya çempionatına daha çox olduğundan, bu turniri qazandım. Həm də əvvəlki yarışlarda finallarda uduzduğum rəqibləri yenmiş oldum.

– Necə düşünürsünüz, sizin çempionluğunuz Azərbaycan karatesinə, xüsusən də qadın karatesinə hansı töhfəni verəcək?

– Bilirəm ki, Azərbaycanda çox qız karate ilə məşğul olur, bizim çıxışlarımızı izləyirlər. Onlar mənə yazıb təbriklərini çatdırırlar. Əgər çempionluğum gənc qızları motivasiya edirsə, bu, mənim üçün xoşdur. Bu amil öz üzərimdə daha da yaxşı işləməyə mənə stimul verir. Düşünürəm ki, bundan sonra Azərbaycanda karateyə yazılan qızların sayı da çoxalacaq.

– Ukraynada dünya çempionunun qarşılanması necə oldu?

– Ailəm, dostlarım, yaxınlarım, məni dünya çempionatı boyunca onlayn izləyən insanlar, həmçinin Ukraynada oxuduğum universitetin dekanı, əməkdaşları qarşıladı. Onlar mənə sonsuz təbriklərini çatdırdılar. Həmçinin məndən müsahibələr götürüldü. Əlbəttə ki, ölkəndə belə qarşılanmaq, belə diqqət görmək çox xoşdur.

– Ukraynada sizdən əvvəl karatedə dünya çempionu olan idmançı vardı?

– Bəli. O da elə özüm idim (gülür). 2013-cü ildə İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında dünya çempionu olmuşdum. Həmçinin 2014-cü ildə böyüklər arasında dünya çempionatında medal qazanan ilk ukraynalı olmuşam. Almaniyanın Bremen şəhərində bürünc medal qazanmışdım. Və hələlik Ukraynadan böyüklər arasında yeganə dünya çempionluğu məndədir (gülür).

– Deməli, siz nəinki Azərbaycanın, Ukraynanın da tarixinə düşmüsünüz...

– Bəli, elədir.

– Siz Ukrayna Karate Federasiyasında maliyyə problemləri olan vaxt - 2015-ci ildə I Avropa Oyunları üçün Azərbaycandan təklif aldınız. Həmin vaxt çempion olub Azərbaycan himnini oxudunuz. Yenə himnimizi yerli idmançılarımız kimi oxumaqla diqqəti cəlb etdiniz. Himnimizin sözlərini tez-tez təkrarlayırsınız?

– Xeyr, təkrarlamıram. Sadəcə olaraq, sözləri yadımda saxlamışam. Avropa Oyunlarından sonra 2016-cı ildə Fransanın Monpelye şəhərində komanda şəklində, həmçinin 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında Avropa çempionu olmuşdum.

Üstəlik, İslam Həmrəylik Oyunlarında da çempion olmaqla himni oxumuşdum. Buna görə sözlərin yadımdan çıxması mümkün deyildi. Hər dəfə oxuduqca mənə dəstək olan, inanan, kömək edən, bu nəticəyə nail olmağıma səbəb olan Azərbaycan xalqına böyük təşəkkürümü çatdırıram.

– Sizə himnin sözlərini kim öyrədib?

– Karatedəki komanda yoldaşım Fəridə Abiyeva.

– Noyabrın 23-25-də Bakı İdman Sarayında böyüklər arasında XXVI Azərbaycan çempionatı keçiriləcək. İştirak edəcəksiniz?

– Yox. Federasiya mənə istirahət etmək imkanı verib. Ağır turnirdən sonra mənə bərpa olunmaq şansı yaradılıb. Çünki qarşıda məni üç həftə sonra – dekabrın əvvəllərində Çinin Şanxay şəhərində keçiriləcək A kateqoriyalı turnir gözləyir. Həmin turnir Olimpiadaya lisenziya balı verəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri