28 
Noy
2018
17:37
175
23
11452
Virtual karabakh

Mariya Stadnik: Koreyalı ilə görüşün son saniyələrində vaxtı göstərən tablo dayandı

28 Noy, 2018
17:37
11452

Mariya Stadnik: Koreyalı ilə görüşün son saniyələrində vaxtı göstərən tablo dayandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal gözlədiyimiz güləşçilərdən biri də Mariya Stadnik idi. Qadınlardan ibarət yığmamızın lideri finaladək irəliləməyi bacardı. Ancaq həlledici görüşdə Yaponiya təmsilçisinə uduzaraq, gümüş medalla kifayətləndi. 

Oxu.Az xəbər verir ki, titullu güləşçi AGF-nin saytına verdiyi müsahibədə dünya çempionatı və gələcək planlarla bağlı danışıb:

– Dünya çempionatına necə hazırlaşmışdınız?

– Hazırlıq həmişəki kimi olmuşdu. Dağlıq məkanda fiziki hazırlıq üzərində işlədik. Təlim-məşq toplanışının son mərhələsini Kiyevdə Ukrayna yığması ilə birgə keçdim. Hər şey normal gedirdi. Təəssüf ki, yarışa bir həftə qalmış xəstələndim. Bu da formama müəyyən qədər təsir göstərdi. Tam bərpa olmağa imkan tapmadım. Ancaq Budapeştdə finala qədər hər şey normal idi.

Təcrübəmi də işə salaraq finaladək sakitcə irəlilədim. Ancaq həlledici görüşdə bəzi səhvlərə yol verdim. Məşqçimin taktiki tapşırıqlarını dəqiq yerinə yetirmədim. Bu da mənim səhvim idi. Nəticədə, final mənim üçün uğursuz alındı. Ancaq təsəllim odur ki, Olimpiadaya qədər hələ vaxt var. Əsas yarış mənim üçün Tokio-2020 və əsas hədəf olimpiya qızılıdır. Qalan turnirlər buna hazırlıq xarakteri daşıyır.

– 1/4 finalda beş il əvvəl 51 kq-da dünya çempionu olmuş çinli Sun Yanana, yarımfinalda isə dörd il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olmuş şimali koreyalı Kim Son-Hyanqa qalib gəldiniz. Asiya təmsilçiləri ilə görüşlər sizi müəyyən qədər yordu?

– Yox, bu qarşılaşmalar məndən güc almadı. Çünki taktikanı doğru qurmuşdum. Üstəlik, finaladək bərpa olmağım üçün bir gün vaxtım vardı. Hərçənd koreyalı ilə görüşdə bir az psixoloji məqamlar oldu.

Birincisi, son saniyələrdə vaxtı göstərən tablo dayandı. İkincisi, məni qeyri-fəallığa görə cərimələməyi düşünürdülər. Bu, çox gülməli idi. Qarşı tərəf protest verəndə bir az əsəbləşdim (gülür).

– İlin əvvəlində Yui Susakiyə İsveçin Klipan şəhərində keçirilmiş beynəlxalq turnirdə son saniyələrdə üstünlüyü əldən verərək uduzmuşdunuz. Bu dəfə onunla görüş üçün taktikanı necə qurmuşdunuz?

– Son saniyədə məni xalçadan kənara çıxarmağı bacardı. Görüş boyunca demək olar ki, fəallıq göstərmədi. Mən hücum edir, o isə müdafiə olunurdu. Mübarizədən qaçırdı... Düşünürdüm ki, dünya çempionatında daha böyük təzyiq göstərsəm, qələbə qazana bilərəm.

Susakinin bu dəfə də müdafiəyə daha çox fikir verəcəyini düşünürdüm. Təəssüf ki, funksional hazırlıq baxımından problemlə üzləşdim. Fiziki gücüm çatmadı. Boşluq verməyə başladım. Rəqibin ayağından tuturdum, amma fəndi sona kimi icra edə bilmirdim. Susaki səhvlərimdən məharətlə yararlandı.

– İlk hissədən sonra artıq hesabda böyük fərqlə geriyə düşmüşdünüz. Bu zaman qələbəyə inam qalmışdı?

– Hər hansı həyəcandan söhbət gedə bilməzdi. Mübarizəni davam etdirməyi düşünürdüm. Ancaq məndə alınmadı...

– Bu məğlubiyyətin təsirindən çıxa bilmisiniz?

– Hər şeyi unutduğumu deyə bilərəm. Ancaq məğlubiyyət məndə həmişə dərin iz buraxır. Düzdür, indi sakitləşmişəm. Soyuqqanlı şəkildə səhvlərimi analiz edirəm. Əlbəttə, ilk iki gündə finalın təəssüratı, emosionallıq hədsiz yüksək idi. İndi sakitləşsəm də, finalın psixoloji təsiri hələ də qalıb (gülür).

– Özünə bu sualı vermisiniz: niyə yaponlarla görüş istədiyim kimi alınmır? Bəlkə, çıxış yolu məhz Yaponiyadan sparrinq rəqib seçməkdir?

– Əlbəttə, bu sualı özümə vermişəm. Ancaq mən bunun çıxış yolu olduğunu düşünmürəm.

– Necə fikirləşirsiniz, yaponlarla ehtiyatlı, yoxsa hücum üslubunda güləşmək lazımdır?

– Onlara ehtiyatla hücum etmək lazımdır. Görüşü sırf müdafiədən qurmaq və ya kor-koranə hücum etmək doğru deyil. Mən indi daha da böyümüşəm və təcrübəm xeyli artıb. Hücumun zamanını gözləmək lazımdır.

– Gələn il keçiriləcək yarışların hazırlığına nə vaxt başlayacaqsınız?

– Sanatoriyada bir qədər dincəlib bərpaolma prosesi keçdikdən sonra evə gedib, hazırlıqlara başlayacağam. Böyük fasilədən söhbət gedə bilməz. Tədricən məşqləri bərpa edəcəyəm.

– Dekabrın 3-də 30 yaşın tamam olacaq. Yubileyi necə qeyd etməyi planlaşdırırsınız?

– Hələ bu barədə fikirləşməmişəm. Çünki o ab-havada deyiləm (gülür).

– Ölkəmizdə ən çox sevilən güləşçilərdən birisən. Azarkeşlərə nə demək istərdiniz?

– İlk növbədə hamıya böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Bilirəm ki, çoxlu azarkeşim var. Azərbaycanda məni tanıyanlar və qadın güləşini sevənlər çoxdur. Bu da məni sevindirir. Ümid edirəm ki, onları qızıl medalla şad edəcəyəm. Hər bir idmançı üçün arxasında azarkeşlərin olmasını bilməsi çox vacibdir. Xalça üzərinə çıxanda insanların hayqırtısını, dəstəyini eşidirsən və bu sənə əlavə güc, stimul və özünəinam verir. 

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri