29 
Noy
2018
18:30
107
32
10296
Virtual karabakh

“Sportinq”i yenmiş azərbaycanlı: Nani ilə fərdi oynamaq düzgün deyil

29 Noy, 2018
18:30
10296

“Sportinq”i yenmiş azərbaycanlı: Nani ilə fərdi oynamaq düzgün deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbol veteranı, Portuqaliyada legioner həyatı yaşamış Vəli Qasımovun Oxu.Az saytına müsahibəsi:

– 1997-2001-ci illərdə Portuqaliyanın “Vitoria” və “İmurtal” komandalarında çıxış etmisiniz. “Qarabağ” isə bu gün Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Bu oyun barədə fikirlərinizi bilmək maraqlı olardı...

– “Sportinq” “Portu” və “Benfika” ilə yanaşı Portuqaliyanın üç nəhəng klubundan biridir. Bildiyimə görə, komandanın əsas oyunçularından bəziləri Bakıya gəlməyib. Bu, “Qarabağ”a üç xal götürmək üçün böyük şansdır. Üstəlik, “Qarabağ” evdə oynayır. İstərdim ki, “Qarabağ” qalib gəlsin. Ancaq “Sportinq”in də ad-sanı var. “Qarabağ”a qarşı oynayacaq “Sportinq”in gəncləri də özlərini göstərməyə çalışacaq. Onları yenmək çətin məsələdir. Hər şey istədiyimiz kimi olsa nə vardı ki?

– Siz hücumçu olmusunuz. “Sportinq”in hücum üçlüyündə Nani də kapitan kimi oynayacaq. Onu necə saxlamaq mümkündür?

– İndi futbol dəyişilib. Əvvəllər personal şəkildə birə-bir oynamaq mümkün idi. İndi belə bir şey yoxdur. Sadəcə, kim onun qarşısında oynayacaqsa, ona güclü cəhətlərini göstərməyə imkan verməməlidir. Onunla individual oynamaq düzgün deyil. Məsələn, sağ ayağı işləkdirsə, onu işlək olmayan sol ayağı ilə topla davranmağa məcbur etməlisən.

– Portuqaliyadan əvvəl 4-5 il İspaniyada oynadığınızı və ispanca yaxşı danışdığınızı bilirəm. Bəs portuqalca dil biliyiniz necədir?

– Başa düşməkdə problemim yoxdur. Ancaq danışmaqda tam portuqalca danışa bilmirəm. Belə deyim ki, “portunyon” danışıram. “Portunyon” yarı ispan, yarı portuqalca danışmaqdır. Portuqaliyanın özündə çox adam ispanca bilir deyə, orda daha çox bu dildən istifadə edirdim. Bu dillər bir-birinə yaxındır.

– Portuqaliyaya vaxtınız olanda gedirsiniz?

– Sözün düzü, çoxdandır ki, getmirəm. Ürəyim ora getməyi çox istəyir, amma hələ ki alınmır. Orda çoxlu dostlarım var. Bu yaxınlarda 50 illik yubileyim olanda orda oynadığım klubdan bir nəfər gəlmişdi. Ayrı adamları da çağırmaq istəyirdim, amma işlərinə görə gələ bilmədilər. Həmişə Portuqaliyadakı dostlarımla əlaqə saxlayıram.

– Amma İspaniyaya daha çox gedirsiniz?

– Orda dostlarım daha da çoxdur. Maşallah, hər ikisində dostlarım var (gülür).

– O vaxt “Sportinq”ə qarşı oynamısınız?

– Bəli. Səhv etmirəmsə, “Sportinq”i iki dəfə “Vitoria” ilə məğlub etmişik. Biri çempionatda, biri də kubokda olub. Kubokda o qələbə sayəsində mərhələ keçmişdik. 

– “Sportinq”də o vaxtkı tanışlarınızdan kimsə var?

– Mənim 1997-ci ildə “Vitoria”da baş məşqçim olmuş Manuel Fernandeş vaxtı ilə “Sportinq”in məşhur futbolçularından olub. Bildiyiniz kimi, Avropa Liqasının səfiriyəm. Qrupların püşkatmasına gedəndə öyrəndim ki, Manuel Fernandeş “Sportinq”də hansısa vəzifədə işləyir. Ancaq dünən “Sportinq”in qaldığı “Hilton” hotelinə getdim ki, onunla görüşməyə, qonaqlar arasında adının olmadığını dedilər mənə. Amma bilmədim ki, o indi klubda qalır, ya yox. Qalırsa da, Bakıya gəlməyib. Yeri gəlmişkən, püşkatmadan sonra Portuqaliya mətbuat nümayəndələri mənimlə əlaqə saxlayıb fikirlərimi öyrəndilər. Məndən həm “Qarabağ” haqda fikirlərimi öyrəndilər, həm də hazırda nə işlə məşğul olmağımı soruşdular.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri