Dek
2018
17:01
98
46
3056
Virtual karabakh

Millimizin baş məşqçisi: Sotomayor gözlədiyimdən zəif çıxış etdi

3 Dek, 2018
17:01
3056

Millimizin baş məşqçisi: Sotomayor gözlədiyimdən zəif çıxış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın böyüklərdən ibarət boks millisinin yeni baş məşqçisi Vaqif Şirinovun Oxu.Az saytına müsahibəsi:

– Boks üzrə Azərbaycan çempionatı başa çatdı. İdmançılar sizə necə təsir bağışladılar?

– Bu il yığmamız mötəbər turnirlərdə iştirak etməyib. Ona görə də idmançıların Azərbaycan çempionatı vasitəsilə funksional, fiziki, texniki və taktiki, eləcə də, psixoloji yöndə hansı vəziyyətdə olmasını görmək imkanımız oldu. İdmançıların döyüş davamlılıqları azdır. Bu da yarış təcrübələrinin olmaması ilə bağlıdır. 1999-2000-ci il təvəllüdlü gəncləri Azərbaycan çempionatına buraxmışdıq. Həmin gənclər funksional, texniki və taktiki hazırlıqda yaxşı idilər.

– Hansı idmançılar gözlədiyinizdən zəif çıxış etdilər?

– Lorenso Sotomayor gözlədiyimdən zəif çıxış etdi. Ya xəstələnmişdi, ya başqa səbəb vardı, istənilən formada çıxış etmədi. Millinin digər kubalı legioneri Pedro Alfonso yaxşı idi, amma taktikanı düzgün seçmədiyindən finalda uduzdu. Başqa idmançılar da vardı ki, onlardan daha yaxşı çıxış gözləyirdim.

– Adətən, milliyə finalçıları götürürlər. Sotomayor Azərbaycan üçüncüsü oldu. Bu, o deməkdir ki, o, millidən kənar qalacaq?

– Millidən kənarda heç kim qalmayacaq. Onlar dünya boksunda öz sözlərini deyib. Ola bilsin ki, Azərbaycanda yaxşı çıxış etməyəsən, amma xaricdə daha yaxşı performans sərgiləyərsən. Daxili boksla beynəlxalq boks fərqlənir. Beynəlxalq miqyasda nəticələri olanlar milliyə yenə cəlb olunacaq. Mən gənclər millisinin baş məşqçisi olanda Azərbaycan çempionatının 1/4 finalında uduzan idmançını Avropa çempionatına aparmışdım və o, oradan bürünc medalla qayıtmışdı. Yəni Azərbaycan çempionu olmaq hələ onun beynəlxalq miqyasda nəticə verəcəyi anlamına gəlməməlidir.

– Deməli, bütün mükafatçıları yoxlayacaqsınız...

– Elədir. Hansı idmançılar beynəlxalq yarışlarda özlərini yaxşı tərəfdən göstərə bilsə və mənim reytinqimə əsasən, yuxarı pillədə yer alsa, onlar da mötəbər yarışlara, xüsusən II Avropa Oyunlarına aparılacaqlar.

– Millinin planları necədir?

– Yanvarın 5-dən hazırlıqlara başlamağı planlaşdırmışıq. Ondan sonra Türkiyə və ya Belarusda beynəlxalq turnirə qatılacağıq. Fevralda Bolqarıstanda Straçan turniri, martda 19-22 yaşlıların Avropa birinciliyi, apreldə Polşada yarışda iştirak edəcəyik. Bu yarışlarda özlərini yaxşı tərəfdən göstərənlər Minskdəki Avropa Oyunlarına aparılacaqlar. Gələn ilin oktyabr və ya noyabrında (əslində, sentyabrdadır – S.M.) isə Soçidə dünya çempionatı olacaq.

– Belə bir xəbər çıxdı ki, boks 2020-ci il Olimpiadasından çıxarıla bilər...

– Hələ ki, Beynəlxalq Olimpiya Komitəsi AIBA-nın fəaliyyətini dondurub. Ona görə də hansı yarışlarda Olimpiadaya lisenziya veriləcəyi müəyyənləşməyib. Amma boks bir əsrdən çoxdur ki, Olimpiya Oyunlarında var, həmişə olub. İnanmıram ki, boks ləğv olunar. Hələlik orada siyasi məsələlər gedir.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri