Dek
2018
12:39
32
82
9138
Virtual karabakh

“Lord” Ramal: Özümü uduzmuş hesab etmirəm

5 Dek, 2018
12:39
9138

“Lord” Ramal: Özümü uduzmuş hesab etmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinq millimizin aparıcı üzvü, “Lord” ləqəbli Ramal Aslanov özünü boks üzrə Azərbaycan çempionatında sınamaqla çoxlarını təəccübləndirə bildi. 2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq üzrə ilin ən yaxşı idmançısı seçilmiş, kikboksinq üzrə son Avropa çempionatının gümüş medalçısı olan Aslanov “Sədərək” İdman Klubunun adından 75 kq çəki dərəcəsində özünü yoxladı və Azərbaycan ikincisi oldu.

Oxu.Az bu münasibətlə Ramal Aslanovdan müsahibə götürüb. 

– Boks üzrə Azərbaycan çempionatının gümüş medalını qazandınız. Əvvəllər boks çempionatında iştirak etmişdiniz?

– Yox, birinci dəfə idi. Kikboksinq üzrə komandanın kapitanıyam. Federasiyamızın prezidenti Adil Əliyevin göstərişi və icazəsi ilə bu yarışa qatıldım. Final döyüşündə həmin çəkidə rəqibim Olimpiya və dünya üçüncüsü, Avropa çempionatının və İslam Həmrəylik Oyunlarının ikincisi olan çox güclü idmançı idi (söhbət Kamran Şahsuvarlıdan gedir – S.M.).

Beş döyüş keçirdim. İştirak etdiyim çəki çox ağır çəki idi. Üç döyüşü nokautla uddum. Final döyüşündə isə boks millimizin, demək olar ki, kapitanı sayılan Kamran Şahsuvarlı ilə gərgin döyüş keçdi. Deməzdim ki, ona uduzdum.

– Boksda debüt edirdiniz. Üç döyüşdə nokautla qalib gəldiyinə görə sizin üçün çətin olmadı, deyəsən... 

– Xeyr, elə də çətin olmadı, çünki istək var idi. Final döyüşündə özümü uduzmuş hesab etmirəm. Çünki finaldakı rəqibim 15 ilin boksçusu idi. Mən isə ilk dəfədir, boksda iştirak edirəm. Kikboksinqdə, bilirsiniz, ayaq-diz zərbələri vurmaq olur. Onu yığışdıraraq boksda finala çıxıb 2:3 uduzmuşam (əslində, 0:5 hesabı ilə yenilib – S.M.). Amma özümü uduzmuş hesab etmirəm. Çünki başabaş döyüş getdi.

– Kikboksinqdə ayaqla zərbə vurmaq var, amma boksda yox. Döyüşlər zamanı istər-istəməz çaşmırdınız?

– Xeyr, çaşmırdım. Özümü buna öyrəşdirmişdim.

– Boksa hazırlaşmaq üçün nə qədər müddət idi məşq edirdiniz?

– Keçən ay kikboksinqin Avropa çempionatından gəlmişdim. Həmin yarışdan sonra məşqlərimi saxlamadım. Bir ay əlavə olaraq sırf boks məşqləri etmişdim. 

– Məntiqlə indi boks millisinə çağırılmalısınız. Dəvət gəlsə, iştirak edəcəksinizmi?

– Hər çəkidə Azərbaycan çempionatında qızıl və gümüş medal qazananları boks millisinə çağırırlar. Hazırda boks millisinə düşdüm. Turnirlərə gedəcəyəm.

– Həm kikboksinq, həm də boks millisinin üzvü olmaq problem yaratmayacaq? 

– Xeyr, kikboksinq öz evimdir, orada kapitanam. Necə deyərlər, ora at oynatdığım yerdir. Adil müəllimin icazəsi ilə problem olmayacaq, hər ikisində çıxış edəcəyəm.

– Bu, əslində, yaxşı ənənədir. Yaxşı kikboksçularımız sizin kimi boksda özlərini göstərə bilirlərsə, niyə də iştirak etməsinlər? Ola bilərmi ki, siz başqa kikboksçulara nümunə olasınız, gəlib onlar da burada iştirak etsinlər?

– Kim özünə güvənirsə, əli-qolu güclüdürsə, burada vuruşa bilər... Qarşıda İpək Yolu turniri, Minskdə keçiriləcək II Avropa Oyunları var. Orada iştirakım gözlənilir. Məqsədim Olimpiadaya lisenziya qazanmaqdır.

– Yeri gəlmişkən, kikboksinqlə bağlı sevindirici xəbər var. Olimpiadaya salına biləcəyi deyilir. 2021-ci ildə buna qərar veriləcək...

– Bəli, 2024-cü ildə baxış olacaq, Olimpiadaya salına bilər. Hazırda 26 yaşım var. O vaxta 32 yaşım olacaq, iştirakım bir qədər çətin görünür. Amma gənc idmançılara uğurlar arzu edirəm. Peşəkar, güclü idmançılarımız var. Onların kikboksinq üzrə Olimpiya çempionu olmalarını istəyərəm. Öz məqsədim isə 2020-ci ildə Tokiodakı boks üzrə Olimpiyadaya düşməkdir.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri