18 
Dek
2018
10:11
38
111
9269
Virtual karabakh

Qurban Qurbanov: Araz Abdullayev kimdənsə qaçan oğlan deyil

18 Dek, 2018
10:11
9269

Qurban Qurbanov: Araz Abdullayev kimdənsə qaçan oğlan deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ilin futbol üzrə baş məşqçisi sorğusunun qalibi olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra brifinq keçirib. 

Oxu.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis öncə fikirlərini bölüşüb:

– Təşəkkür edirəm ki, bu il məni seçmisiniz. Bu ada layiq görüləndən sonra məsuliyyət daha da artır. Daha çox çalışmalı və işlər görməliyik. Gələn il daha diqqətli olmalıyıq. Bir qədər də futbolumuza çox vaxt ayırmalıyıq. Çalışacağıq ki, işimizdə ildən-ilə irəliləyiş olsun və futbolumuz qabağa getsin. Bir daha hər birinizə minnətdaram.
 
– Bəs sizdə belə bir hüquq olsaydı, hansı məşqçiyə səs verərdiniz?

– Bu suala hazır deyiləm. Buna fikir bildirsəm, düzgün olmaz. Bu, sizə aid olan məsələdir.

– Reynaldo rəsmi olaraq “Qarabağ”dadır?

- Hələlik tam yox. Bakıdadır. Tibbi müayinədən keçəcək və sabah (bu gün – S.M.) qəti qərar veriləcək.

– Reynaldo əyləncə həyatını sevən futbolçudur. Ona bununla bağlı şərtiniz olacaq? 

– O da son vaxtlar belə olmuşdu. Formasından da uzaq idi. Təbii ki, belə söhbətimiz olacaq. Əgər transfer rəsmiləşsə, müqaviləyə belə bir bənd qoyulacaq. Əgər belə bir şey olsa, çox ciddi tədbir görüləcək. Sabah görüşümüz olacaq və tam dəqiq müəyyələşdirəcəyik.

– Komandanı tərk edən futbolçular olacaq?

– Həmişə transfer dönəmində belə hallar gözlənilir. Ola bilər ki, bizim hansısa futbolçumuzla maraqlansınlar və biz bunu bilməyək, ya da hansısa oyunçunun transferində anlaşmaya da bilərik. Həm gedən, həm də gələn ola bilər.

– Con Delarj “Qarabağ”da qalmaq istəmədiyini deyib. O, komandadan göndəriləcək?

– Özü belə deyib? Açığı, onunla belə söhbətimiz olmayıb. Buna dəqiq cavab verə bilməyəcəyəm.

– Artıq futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Qurban Qurbanov bütün fikrini “Qarabağ”a yönəldəcək və qış fasiləsindən sonra çempionatda gərgin mübarizə izləyəcəyik. Başqa söz-söhbətə yol açmamaq üçün həm çempionluğu, həm də kuboku qazanmağa çalışacaqsınız?

– Gərgin mübarizə gedir. Bizim həmişə məqsədimiz ildən-ilə yaxşı çıxış etmək olub. İlin sonunda nəticələrimiz tam bilinəcək. Mən həmişə turnirlərdə yaxşı çıxış etmək istədiyimizi demişəm. Azərbaycan Premyer Liqası və ölkə kubokunda mübarizəni davam etdiririk. Avropa Liqasında isə artıq dayanmışıq. Çalışacağıq ki, ən yaxşı göstəriciyə nail olaq.

– “Arsenal”la oyunda erməni təxribatı zamanı Araz Abdullayevin sakit dayanması geniş müzakirələrə səbəb oldu. Arazın bu addımına siz necə şərh verərdiniz? Onun sakit dayanması peşəkar davranış idi, yoxsa vətənpərvərlikdən kənar hərəkət idi? 

– Hər hansı futbolçu barədə fikir bildirmək düzgün olmaz. Çünki belə şeylər gözlənilmədən baş verir. Hansısa futbolçu buna reaksiya verməyib deyə onun üstünə getmək doğru olmaz. Bəlkə, Araz heç tanımamışdı ki, o kimdir və ya fikir verməmişdi ki, əlindəki bayraq nədir?!

Bir onu bilirəm ki, bizim heç bir futbolçumuz, nəinki oyunçularımız, heç bir azərbaycanlı lazım olsa, vuruşmaqda geri addım atmaz. Səkkiz saniyəlik epizod idi. Ola bilər ki, Araz həmin an heç epizodu görməmişdi. Araz Abdullayev kimdənsə qaçan, qorxan oğlan deyil. 

– Qardaşınız Musa Qurbanovun “Zirə”nin prezidenti olacağı ilə bağlı xəbərlər dolaşır.

– Hamınızın bildiyi kmii, Musa Qurbanov “Zaqatala” klubundadır. Söz-söhbətləri mənə dedilər. Belə fikir yoxdur. Əgər nəsə olsa, bizə deyiləcək.

– Artıq doqquzuncu dəfədir ki, ən yaxşı baş məşqçi seçildiniz. Ölkə xaricində çalışmağı düşünürsünüz? Sizə belə təkliflər gəlib?

– 3-4 il əvvəl də mənə belə sual verilmişdi. Mən belə fikir bildirdim ki, azərbaycanlı kimi ölkə futboluna xidmət etmək istəyirəm. Düşünürəm ki, bu gün də buna ehtiyac var. Daha çox yerli məşqçilər futbolumuzda olmalıdır, onların nəinki futboluna, düşüncələrinə də nəzarət olmalıdır.

Ciddi təklif olmayıb. Açığı, bunu düşünmürəm. Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm, bu düzgün olmaz, kluba hörmətsizlik etmək istəmirəm. Fikrim “Qarabağ”dadır. 11-ci ildir ki, klubda çalışıram. Həmişə komandaya sadiq olmaq istəmişəm, ayrılanda da sadiq olaraq ayrılmaq istəyirəm. “Daha yaxşı təklif var, böyük işlər görmək olar” kimi fikirlərə düşmək haqsızlıq olardı.

– Sizin üçün ilin yaddaqalan oyunu hansı idi?

– Cavabını bilirsiniz də (gülür).

S.M.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri