Veyk aan Zeedə ən uğurlu çıxış edən şahmatçımız kimdir? - ARAŞDIRMA
Veyk aan Zeedə ən uğurlu çıxış edən şahmatçımız kimdir? - ARAŞDIRMA
Məlum olduğu kimi, Azərbaycanın tanınmış şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu gündən Niderlandın Veyk aan Zee şəhərində keçirilən ənənəvi turnirdə mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, 81-ci dəfə keçiriləcək məşhur turnir 1938-ci ildən fərqli adlarla baş tutur.
Bu turnirdə Azərbaycan şahmatçıları 2001-ci ildən iştirak edir. Bəs görəsən, sözügedən yarışda çıxış etmiş ən uğurlu şahmatçımız kimdir?
Debütantımız Teymur Rəcəbov 2001-ci ildə 63-cü Corus Şahmat Turnirinin (2000-2010-cu illərdə belə adlandırılıb – S.M.) B qrupunda gümüş medal qazanıb. Onu B qrupunun çempionluğundan və növbəti il A qrupunda yarışmaqdan yarım xal ayırıb. Ümumiyyətlə, bu turnirdə ən uğurlu şahmatçımız məhz Rəcəbovdur. Onun A qrupunda 2007-ci ildə çempionluğu və iki dəfə bürünc medalı var.
Şəhriyar Məmmədyarov isə bu turnirdə debütünü 2005-ci ildə gerçəkləşdirib. Ümumiyyətlə, bu turnirdə bu iki şahmatçımızdan başqa, mərhum qrossmeysterimiz Vüqar Həşimov, Zeynəb Məmmədyarova, Eltac Səfərli və Nicat Abbasov yarışıb. Səfərli 2016-cı ildə qatıldığı ilk və hələlik son Challengers-də gümüş medal qazanıb.
2001 (B qrupu) – Teymur Rəcəbov (7,5 xal) – 2-ci yer
2003 (A qrupu) – Teymur Rəcəbov (6,5 xal) – 9-cu yer
2005 (B qrupu) – Şəhriyar Məmmədyarov (8,5 xal) – 3-cü yer
2005 (C qrupu) – Zeynəb Məmmədyarova (4 xal) – 12-ci yer
2006 (A qrupu) – Şəhriyar Məmmədyarov (4,5 xal) – 12-ci yer
2007 (A qrupu) – Teymur Rəcəbov (8,5 xal) – 1-ci yer (əlavə göstəricilərə görə 3-cü yer)
2008 (A qrupu) – Teymur Rəcəbov (7,5 xal) – 4-cü yer
2008 (A qrupu) – Şəhriyar Məmmədyarov (6 xal) – 11-ci yer
2009 (A qrupu) – Teymur Rəcəbov (7,5 xal) – 3-cü yer
2012 (A qrupu) – Teymur Rəcəbov (8 xal) – 3-cü yer
2012 (A qrupu) – Vüqar Həşimov (5 xal) – 12-ci yer
2015 (Masters) – Teymur Rəcəbov (6 xal) – 8-ci yer
2016 (Masters) – Şəhriyar Məmmədyarov (6,5 xal) – 8-ci yer
2016 (Challengers) – Eltac Səfərli (9 xal) – 2-ci yer
2016 (Challengers) – Nicat Abbasov (6,5 xal) – 8-ci yer
2018 (Masters) – Şəhriyar Məmmədyarov (8,5 xal) – 4-cü yer
2018 (Hindistan/rapid) – Şəhriyar Məmmədyarov (5 xal) – 5-ci yer
2018 (Hindistan/blits) – Şəhriyar Məmmədyarov (8 xal) – 5-ci yer
Həmçinin, bu turnirdə millimizin latviyalı üzvü Arkadi Naydiç də altı dəfə iştirak edib. Lakin onun iştirak etdiyi turnirlər Almaniyanı təmsil etdiyi dövrə düşüb. O, 2003-cü ildə bürünc, 2010-cu ildə gümüş və 2013-cü ildə qızıl medal qazanıb. Hər üç nəticə B qrupunda reallaşıb. Sonuncu qızıl medala görə Naydiç 2014-cü ildə Masters-də yarışmaq hüququ əldə edib. Lakin o, 3,5 xalla sonuncu – 12-ci olub.
Qeyd edək ki, ötən il bu turnirin Masters bölməsi üzrə qalibi 10 min, ikincisi 6500 avro qazanırdı. Həmçinin, yeddinci yerə kimi şahmatçıya pul verilirdi. Məsələn, yeddinci yerin sahibi 500 avroya sahib olurdu.
Səbuhi MUSAYEV