Fev
2019
17:17
18
98
4946
Virtual karabakh

AFFA-nın millimizə gətirmək istədiyi əcnəbi kimdir?

7 Fev, 2019
17:17
4946

AFFA-nın millimizə gətirmək istədiyi əcnəbi kimdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli komandamızın baş məşqçi postu üçün AFFA-nın danışdığı xarici mütəxəssislərdən daha birinin adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu, Nikola Yurçeviçdir.

52 yaşlı məşqçi bu barədə özü açıqlama verib. Xorvatiya mediasına danışan Yurçeviç bildirib ki, AFFA rəsmiləri ilə danışıqlar aparıb və məsələyə yaxın günlərdə aydınlıq gələcək: 

“AFFA ilə ciddi danışığımız olub. Məndə belə bir təəssürat yarandı ki, milli komandanın qarşısına böyük hədəflər qoyublar. Onlar irəliyə getmək istəyirlər, böyük hədəfləri var. Bu komandanı çalışdırıb-çalışdırmayacağıma yaxın günlərdə aydınlıq gələcək”.

AFFA-nın Yurçeviçlə danışıqlar aparmasına millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineski də münasibət bildirib:

“Bununla bağlı geniş danışa bilmərəm. Amma onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, doğru addım atmış olacaq. Hər şeyin yaxşı olmasını istəyirəm”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə Azerisport.com saytına açıqlamasında bildirib ki, danışıqlar apardıqları namizədlərin siyahısı on nəfərə enib və onlar arasında Yurçeviç də var.

O da məlumdur ki, AFFA-nın siyahısında Lissabon “Sportinq”inin, Madrid “Real”ının, BƏƏ, CAR, Portuqaliya və İran millilərinin sabiq baş məşqçisi, “Mançester Yunayted”in eks məşqçisi Karluş Keyroş da olub. Lakin portuqaliyalı məşqçi yüksək maaş istədiyindən bu anlaşma baş tutmayıb. Asiya Kubokundan sonra səkkiz il çalışdığı İran millisini tərk edən Keyroşun 2022-ci ilədək Kolumbiya millisini çalışdırması artıq bu məsələnin tamamilə qapandığını deməyə əsas verir. 

Bəs Nikola Yurçeviç kimdir?

Futbolçu karyerası ərzində hücumçu və yarımmüdafiəçi kimi çıxış etmiş Yurçeviç ölkəsində “Dinamo”, “Zaqreb” klublarında çıxış edib. Bundan başqa, onun Belçikanın “Antverp”, Avstriyanın “Austriya” (Zalsburq) və Almaniyanın “Frayburq” klublarında legioner karyerası da olub.

“Austriya” (indiki “Zalsburq”) ilə ikiqat Avstriya çempionu və UEFA Kubokunun finalçısı olmuş Yurçeviç 1993/1994 mövsümündə vurduğu qolların sayına görə həmin ölkənin ən sərrast futbolçusu olub. O, 1990-1996-cı illərdə Xorvatiya millisində 19 oyun keçirib və iki qol vurub. 

Yurçeviç məşqçiliyə 2002-ci ildə başlayıb. O, Xorvatiyada “Zaqreb”, “Dinamo”, “Slaven Belupo” və Avstriyada “Austriya”nı (Zalsburq) çalışdırıb. Daha sonra o, köməkçi məşqçi olub. İlk belə təcrübəsini 2006-2012-ci illərdə çalışdığı Xorvatiya millisində əldə edib. Orada Slaven Biliçin köməkçisi olub. Daha sonra Biliç hansı komandaya gedibsə, onu da özü ilə aparıb. Belə ki, Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” klublarında bu ənənə davam etdirilib.

Ötən ilin martın 12-də Xorvatiyanın ən güclü komandası olan Zaqreb “Dinamo”suna baş məşqçi təyin olunub. Zaqreb komandası çempion olmasına baxmayaraq, mayın 15-də klubdan qovulub. O, altı aydan çoxdur ki, işsizdir. 2003-2004-cü illərdə çalışdırdığı “Dinamo” ilə onun Xorvatiya Super Kuboku və Kubokuna sahib çıxdığını da bildirməliyik.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri