20 
Fev
2019
16:22
57
27
2146
Virtual karabakh

Şahmat millimizin kapitanı: Oyunlar zamanı yanlış bomba xəbəri çox olub

20 Fev, 2019
16:22
2146

Şahmat millimizin kapitanı: Oyunlar zamanı yanlış bomba xəbəri çox olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat üzrə qadınlardan ibarət yığmamızın kapitanı Fikrət Sideifzadənin Oxu.Az saytına müsahibəsi

– Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Aeroflot Open” turnirinin ilk günündə yarışın keçirildiyi “Kosmos” mehmanxanasında bomba həyəcanı olub. Şahmatçılarımızla əlaqə saxlamısınız?

– Bəli, Eltac Səfərli ilə danışmışam. Bomba axtarışına görə yarış qırx dəqiqədən sonra yarımçıq saxlanılıb və onlar təcili ordan çıxarılıb. Küçədə də iki-üç saat qalıblar.

– Amma Rusiya mətbuatı yazıb ki, onlar yaxınlıqdakı məktəbə təxliyyə olunub.

– Ola bilər. Xırdalığına qədər bilmirəm. Amma hazırda mehmanxanaya geri qayıdıblar.

– Ümumiyyətlə, şahmatda indiyədək yarış vaxtı belə bir hal olub?

– Bəli, belə şeylər çox olub. Hansısa axmaq zəng edib partlayıcı maddə olduğunu deyir. Məcbur olub zalı yoxlayırlar. Yoxlamaq üçün də iştirakçıları çıxarmalıdırlar.

– Şahmatçılar qırx dəqiqəyə bir neçə gediş etmək imkanı əldə edir. Olmazmı ki, futboldakı kimi, yarış qaldığı yerdən davam etdirilsin?

– Burda o cür etmək mümkün deyil. Çünki şahmatçılar qaldıqları yerdən kompüterə baxıb, sonrakı gedişləri əzbərləyib oyuna çıxa bilərlər. Ona görə də şahmatda görüş sıfırdan başlanmalıdır.

– “Kosmos” mehmanxanasında təxminən dörd il əvvəl də yanlış bomba xəbəri telefonla çatdırılıb. Yarışın burda keçirilməsinin önəmi nədir?

– Əvvəllər orda 1994-cü ildə Şahmat Olimpiadası olub. Vaxtilə yaxşı hotel sayılırdı, indi isə bir az köhnəlib. Təşkilatçı olan Aleksandr Baxın həmin hotellə əlaqəsi olduğundan bu turnir həmişə orada keçirilir.

– Builki Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” turnirinin tarixi və iştirakçıları bilinir?

– Bəli. Turnir martın 31-də başlayacaq və aprelin 9-da başa çatacaq. Bizim heyət artıq bəllidir. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə orada Azərbaycanı təmsil edəcək. Bildiyimə görə, əcnəbi qrossmeysterlərdən Maqnus Karlsen, Sergey Karyakin, Aniş Qiri, Vişvanatan Anand, Dinq Liren, Aleksandr Qrişuk iştirakçılardır. Dünyanın reytinqində ilk “onluq”dan yeddi nəfər Şəmkirdə oynamalıdır.

– ABŞ-ı təmsil edən Fabiano Karuana və Hikaru Nakamura bu turnirə qatılmırlar. Yolun uzaqlığı buna səbəb ola bilər?

– Onları biz dəvət edirik. Amma yarışları bu turnirlə üst-üstə düşdüyündən gələ bilmirlər. Çünki onların da öz qrafiki var. Həmin vaxt onlarda ABŞ çempionatı olur. Həmişə Karuana və Nakamuradan birinin Azərbaycana gəlməsini istəyirik. Amma pis vaxta düşür deyə, alınmır. Ümumiyyətlə, biz ilk “onluq”da yer alan şahmatçıların hamısına dəvət göndəririk. Yolun uzaqlığına onlar öyrəşib. Elə şeylər onlar üçün problem deyil. Təki yarış olsun, pul olsun.

– Martın 5-dən 14-dək Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə növbəti dünya çempionatı keçiriləcək. Amma bildiyimizə görə, ora aparıcı şahmatçılarımız getməyəcək.

– Artıq heyəti sifariş etmişik. Şəhriyar və Teymur orada oynamayacaq. Qrafikə baxdıqda Məmmədyarovun ilboyu çoxlu yarışı olur. İnsan il ərzində bu qədər turnirdə oynaya bilməz. Bu, FIDE-nin çatışmazlığıdır. Super şahmatçı bütün turnirlərdə çıxış edə bilməz, mümkün deyil. Belə olsa, adamın başı xarab olar, gücü qalmaz. Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abbasov dünya çempionatında millimizi təmsil edəcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri