15 
Okt
2014
14:08
52
8
2953
Virtual karabakh

İsgəndər Cavadov: Berti Foqtsun sözü qalmayıb

15 Okt, 2014
14:08
2953

İsgəndər Cavadov: Berti Foqtsun sözü qalmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“100 faiz yenə yığmamızı darmadağın edəcəkdilər”.

Oxu.Az AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun apasport.az saytına verdiyi müsahibəni təqdim edir: 

- Millimiz 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Palermoda İtaliyaya 1:2, Osiyekdə isə Xorvatiyaya 0:6 hesabı ilə uduzdu. Bu qarşılaşmalara necə şərh verərdiniz?

- İtaliya bizimlə var-gücü ilə mübarizə aparmadı. Əgər xorvatiyalılar kimi oynasaydılar, 100 faiz yenə yığmamızı darmadağın edəcəkdilər. Hələ Palermoda hiss etmişdim ki, Xorvatiya ilə oyun tam fərqli olacaq. Belə də oldu. Mən də futbolçu olmuşam və bunların hamısını yaxşı hiss edirəm. Baş məşqçi Berti Foqtsun məsələsinə AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında baxacağıq. Sözü qalmayıb, özünü müdafiə edir, şərtlərdən gileylənir. Baş məşqçi postuna gələn vaxt Azərbaycan futbolunun nə vəziyyətdə olduğunu bilməli idi. 1 ilə Azərbaycan futbolunun vəziyyətini bilməyən birisi 6-7 il işlədikdən sonra danışmağa başlayıb. Bilirsinizmi, Foqts özünə bəraət qazandırmağa çalışır. 
 
- 0:6 hesablı məğlubiyyətdə günahı kimdə görürsünüz: baş məşqçidə, yoxsa futbolçularda?

- Mən futbolçularda günah görmürəm. Onların səviyyəsi budu. Bundan artıq oynaya bilməzlər. Neçə illərdi eyni səviyyədə qalıblar. Foqts deyir ki, Azərbaycan çempionatı zəifdi. Əslində, haqlıdı, düz deyir, çünki klublarda futbol adamları işləmir, peşəkarlıq yoxdu. Azərbaycanda futbol yaşamır, yalnız kommersiya maraqları güdülür. Ona görə də millimizi indi belə darmadağın edirlər.
 
- Foqts Türkiyənin I dəstəsinin Azərbaycan çempionatından aşağı olduğunu bildirib. Baxmayaraq ki, Mahir Şükürov, Vaqif Cavadov və Ufuk Budak kimi milli üzvləri orda çıxış edirlər...

- Türkiyənin I dəstəsi Azərbaycan çempionatı ilə eyni səviyyədədi.
 
- Foqtsun işindən razısınız, yoxsa narazı?

- Foqts İcraiyyə Komitəsinin iclasında komandamızın 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmağa hazır olduğunu bildirmişdi. Həmin iclasda AFFA prezidenti Rövnəq Abdullayevə dedim ki, Foqts Azərbaycan yığmasına xeyir verməyəcək. Amma onun komandada işini davam etdirməsinə səs verdim.
 
- Əgər narazı idinizsə, niyə ona səs verdiniz ki?

- Elə-belə. Seçimim onsuz da heç nəyə təsir etməyəcəkdi. Onun vədinə aldanıb səs verdim. Amma əslində, nə Karlos Alberto Torresə, nə də Berti Foqtsa inanmışam. Bilirdim ki, Foqtsun AVRO-2016 ilə bağlı verdiyi vədlər boş sözlərdən ibarətdi.
 
- Foqtsu yerli məşqçi əvəzləməlidi, yoxsa...?

- Milliyə bizim futbolu bilən mütəxəssis gəlməlidi. Klublarımızın bugünə kimi infrastrukturu yoxdu. Hər il komandalar 15-20 milyon pul xərcləyir ki, bu da indiyə kimi milyarddan çox pul sərf etdiyimizi göstərir. Hələ “Top-5” klublarımızı nəzərdə tuturam. Torresi yığmaya gətirəndə demişdim ki, bu gün Avropa dalınca qaçmaq lazım deyil. Meydançalar, stadionlar, bazalar tikmək lazımdı ki, yerli futbolçular inkişaf etsin. Onda bizə legioner gətirmək vacib deyildi. Bizim rəhbər şəxslər isə legionerlərin dalınca qaçdılar. Bax, indi legionerləri gətirməyin vaxtı idi. Amma biz faktiki olaraq 10 il geriləmişik... Bizim yerli məşqçi istəməyimiz hər şeyi həll etmir. Onlardan soruşanda deyirlər ki, Foqts işləsin. Bizim məşqçilərdə müstəqillik yoxdu. Şəxsən mən azərbaycanlının işləməsini istəyərdim. Biz 10 il əvvəlki vəziyyətdə gedirik. Pullar bazalara, uşaq futboluna yönəldilsəydi, 4-5 futbolçumuz indi Avropada oynayırdı. Əcnəbilərin əleyhinə danışdığım üçün məni düşmən elan edib iclasdan qovmuşdular. Heç kim məni müdafiə etməmişdi. Bax, mən buna görə danışırdım. Göydə Allah var. Gec-tez bu baş verməli idi. Hələ bundan da pis olacaq.
 
- Milli komanda noyabrda Norveçlə qarşılaşacaq. Ola bilərmi ki, yığmamızın qələbəsi İcraiyyə Komitəsi üzvlərinin seçiminə təsir etsin?

- Xalları əvvəldən yığarlar. Sonda xal yığmazlar. Güclü komandalara seçmə mərhələnin sonunda xal lazım olmur. Biz artıq 3 oyundu uduzuruq. Norveçə isə qalib gəlməyimiz hələ böyük sual altındadı. Ancaq belə oyunla qələbə çətin məsələdi. Bizdə böyük problemlər var.
 
- Bəlkə AFFA-nın strategiyası düzgün deyil?

- Ümumiyyətlə, Rövnəq müəllim milli üçün böyük işlər görür və hər cür şərait yaradır. Amma dəyişikliklər etməlidi.  O, bəzi adamları AFFA-dan kənarlaşdırmalıdı...
 
- Kimləri nəzərdə tutursunuz?

- Ad çəkmək istəmirəm. Onlar özləri bunu yaxşı bilirlər. Həmin adamları nə stadionlarda, nə uşaq futbolunda görürəm. Onların AFFA-da sadəcə adları gedir.
 
- Foqtsun baş məşqçi olmasında İcraiyyə Komitəsi üzvlərinin günahının olmasını etiraf edirsiniz?

- Bəli, bunda bizim də günahımız var. Sizinlə razıyam. Bunda mənim də günahım var. Amma mən özümü digərlərindən çox da günahkar bilmirəm.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri