13 
Yan
2017
17:31
20
93
2393
Virtual karabakh

“ASAN Viza”nın faydası nə olacaq?

13 Yan, 2017
17:31
2393

“ASAN Viza”nın faydası nə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 yanvar 2017-ci il tarixindən etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az) test rejimindən çıxaraq tam istifadəyə verilib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a “ASAN xidmət”in informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

O bildirib ki, bu günə kimi “ASAN Viza” portalından 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib:

“16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib.

Ümumiyyətlə, onu da qeyd edim ki, “ASAN Viza” Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsini, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sistemidir. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 3 addıma (müraciət, ödəmə və viza blankını endirməklə) elektron viza ala biləcəklər. Daha geniş formada desək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildə məlumatları göndərmək, onlayn ödəniş etməklə “ASAN Viza” sistemi vasitəsilə müraciətlərini rəsmiləşdirəcəklər. 

Nəticədə həmin sistemdən ən gec 3 (üç) iş günü ərzində elektron viza blankını əldə edə biləcəklər. Əcnəbi bütün prosesləri elektron mühitdə edir və sistemə pasport məlumatlarını və özü haqda bəzi ümumi informasiyaları daxil etməklə, seçmiş olduğu gəliş tarixi üzrə 30 günlük 1 girişli viza əldə edir. Əgər müraciətlə bağlı əməliyyatlar yarımçıq qalarsa, sistemə daxil olaraq müraciətin istinad nömrəsini daxil etməklə viza müraciətinə qaldığı yerdən davam edə bilər”.

Onu da qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu məsələyə də toxunub. Prezident bu sistemin ölkəyə gələn turistlərin sayına müsbət təsir edəcəyini bildirib.

“2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Baxmayaraq ki, bu il turistlərın sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə, ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. 

“ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaq. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır”, - deyə prezident bildirib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri