16 
Yan
2017
09:50
83
149
2919
Virtual karabakh

Azərbaycana milyonlarla turist gələ bilər

16 Yan, 2017
09:50
2919

Azərbaycana milyonlarla turist gələ bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın il ərzində milyonlarla turisti qəbul etməyə imkanı var. Sadəcə, bunun üçün müvafiq işlər görmək, yeni proqramlar hazırlamaq, yeni marşrut və xidmətlər təklif etmək lazımdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədrinin müşaviri, AZTA-nın baş katibi Müzəffər Ağakərimov deyib. 

Onun sözlərinə görə, son illərdə Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülüb: “Ölkədə turizm infrastrukturunun yaranması, hotellərin inşası, lisenziyanın ləğv olunması, sadələşdirilmiş viza rejiminə keçid, “ASAN viza”ların verilməsi və s. turizmin inkişafı üçün şərait yaradır. 

Bundan əlavə, Turizm Şurası yaradılıb, turizm sahəsində “Strateji Yol Xəritə”si tərtib edilib. Artıq “Turizm haqqında” qanun layihəsi də Milli Məclisdə hazırlanıb və böyük ehtimalla yaz sessiyasında qəbul ediləcək. 

Bunlar hamısı göstərir ki, turizmə qeyri-enerji sektorunda prioritet sahə kimi ciddi diqqət və qayğı göstərilir. Bütün turizm qurumlarının da borcudur ki, yaradılan münbit şəraitdən istifadə edib bu sahəni inkişaf etdirsin. 

Bunun üçün həm turizm şirkətləri, həm hotellər, həm də digər turizm obyektləri öz işlərində dönüş yaratmalı, yeni-yeni turizm marşrutları, xidmətləri işləyib hazırlamalı və turistlərə təqdim etməlidirlər”.

M.Ağakərimovun fikrincə, bu sahədə uğurlar qazanmaq üçün imkanlar çoxdur, sadəcə, onlardan lazımınca istifadə etmək gərəkdir: “Bu il Bakıda “İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışları keçiriləcək. Bundan başqa, həm paytaxtda, həm də regionlarda beynəlxalq və regional tədbirlər keçiriləcək. 

Biz Azərbaycana turistlərin, əsasən, hansı ölkələrdən gəldiyini yaxşı bilirik. Bunlar İran, Rusiya, Qazaxıstan və ərəb ölkələridir. Gələcəkdə Belarusdan da gələn turistlərin sayının artacağı gözlənilir. Ancaq biz bununla kifayətlənməməli, Asiya ölkələrindən olan turistlərin ölkəmizə cəlb olunmasına çalışmalıyıq. 

Məsələn, 240 milyon əhalisi olan və əhalisinin də əksəriyyətini müsəlmanların təşkil etdiyi İndoneziya Azərbaycana çox böyük maraq göstərir. Eyni zamanda, Yaponiya və Cənubi Koreya kimi çoxmilyonlu ölkələrdən turistləri maraqlandırmağa və cəlb etməyə çalışmalı, bu məqsədlə xüsusi proqramlar hazırlamalıyıq. 

Bütün bunlarla yanaşı, ənənəvi Avropa ölkələrini də unutmamalı, avropalı turistlərin ölkəmizə daha çox gəlməsinə nail olmalıyıq. Bu arada turizm şirkətlərimiz Baltikyanı ölkələri də yaddan çıxarmamalıdır. Hələ Sovet dönəmində bu republikalardan Azərbaycana, xüsusən də müalicə məqsədilə çoxlu turist gəldiyini unutmamalıyıq.

Eyni zamanda “İpək yolu” marşrutunu da yüksək səviyyədə işləyib hazırlamaq lazımdır, Çindən Türkiyəyə, Avropaya qədər turist marşrutu olsun.

Qısası, turizm qurumları yeni-yeni proqramlar, marşrutlar işləyib hazırlamalı və bir yerdə dayanmamalıdırlar. Bunları etməsək, inkişaf olmaz. Biz yeni-yeni dövlətləri, turistləri Azərbaycana cəlb etsək, daha münasib olar. Biz indidən planlar qurmalı və yaxın gələcəkdə marşrutları genişləndirməliyik. 

Turizm şirkətləri, agentlikləri artıq yaxşı bilirlər ki, Azərbaycana hansı istiqamətlər üzrə hansı ölkələrdən turistlər gələcək. Onlar məhz həmin ölkələrin turistlərinə uyğun marşrutlar hazırlamalıdırlar. Mənə belə gəlir ki, onlar belə də edirlər. Biz xarici turistləri təkcə Bakıda deyil, regionlarda da qəbul edə bilərik. Çünki son zamanlar artıq regionlarda da müvafiq şərait və infrastruktur yaradılıb. Şirkətlər də yeni marşrutlar hazırlayıblar. Bilirlər ki, artıq mart ayından qızğın işlər başlayacaq”.

Ekspert bununla bağlı konkret təklif də irəli sürüb: “Biz qatar turizminin imkanlarından geniş istifadə etməliyik. Avropaya çıxış üçün Azərbaycan-Gürcüstan-Türkiyə, cənub istiqamətində Azərbaycan-İran, şimal istiqamətində isə Azərbaycan-Rusiya qatar turizmini də inkişaf etdirməliyik. Axı təyyarə və avtobusların sərnişin tutumu çox deyil. Amma qatar turizmi həm kütləviliyi təmin edər, həm də ucuz başa gəldiyi üçün tələbələrdən tutmuş aztəminatlı insanlar üçün əlverişli olar.

Eyni zamanda, Xəzər dənizinin potensialından istifadə edərək, gəmi turizmini də inkişaf etdirməli, kruizlər, səyahətlər təşkil etməliyik. Bu amillər xaricdən nəinki Azərbaycana, Azərbaycan vasitəsilə Xəzər dənizi üzərindən Orta Asiyaya da turistlərin cəlb olunmasına imkan verər. Sovet dönəmində belə bir şey var idi, amma indi fərqli turizm növü kimi bununla bağlı yeni proqramlar işlənib hazırlanmalıdır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri