12 
Apr
2017
17:12
253
19
15788
Virtual karabakh

Azərbaycanın unudulmuş cənnətindən – FOTOREPORTAJ

12 Apr, 2017
17:12
15788

Azərbaycanın unudulmuş cənnətindən – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda kifayət qədər gözəl mənzərəli və turistik yerlər var. Bəzi yerlər də var ki, ora hələ turistlər tərəfindən kütləvi şəkildə kəşf olunmayıb və varlığından çox az adam xəbərdardır. 

Oxu.Az xəbər verir ki, APA-nın müxbirləri həmin yerlərdən biri olan, indi Kürdili adı ilə tanınan Kurkosada olublar.

Həmin reportajı və fotoları təqdim edirik: 

Kurkosaya, indi Kürdili adlanan adaya yaxınlaşanda bu fantastik gözəlliyi, heç olmasa, bircə dəfə görməyə dəyər. Yox, deyəsən, çox bəsit dedim. Bir anlıq fikirləşin; hansısa bir əcnəbinin gözlərini bağlayıb Azərbaycana gətirirsən. Sonra vertolyota mindirib qaldırırsan göyə. Kurkosaya yaxınlaşanda gözlərini açırsan və soruşursan “Biz haradayıq?”. İnandırıram ki, o, “Maldiv adalarından biridir” deyəcək.

***
Hə, bizim bəxtimiz onda gətirməyib ki, gözəlim Azərbaycanın gözəl təbiətini tanıda bilməmişik. Əslində, biz özümüz belə bu gözəlliyin harada olduğunu belə bilməmişik. Heç bir mübaliğəsiz deyirəm, “bu uzaq, yaşıl ada” iqlimi, vəhşi gözəlliyi, hətta vəhşi at, qaban və inəkləri ilə belə dünyada analoqu olmayan bir yerdir.

Bizi adaya gətirən vertolyotumuz enəndə, o mənzərəni görməyə dəyərdi. Yüzlərlə vəhşi at sahil boyu ora-bura qaçışır. Necə deyərlər, “meşəyə insan gəlib”. Yüzlərlə “dəli” inək isə balalarını başına yığıb, bir yerdə büzüşüblər. Narahatdırlar. Onların rahatlığını bu səs-küylə pozmuşuq. Səs-küy demişkən, burada quş səsindən qulaq tutulur. Ona görə yox ki, quşlar dəstəylə gəlib başımızın üstündə xorla cikkildəşirlər. Ona görə ki, tam səssizlikdə burada adi bir quş səsi belə adama vəhşi səs kimi gəlir.

Sizə hələ flaminqolardan danışım. Vertolyotumuz yerə düşəndə necə pərvaz edib gözəllik yaratdılar. Di gedin, Marşal, Kanar, nə bilim Seyşel adalarına üz tutanlar, belə flaminqo rəqsini siz harada görə bilərsiniz?

Burada vaxtı ilə yüz hektarla üzüm plantasiyası olub, amma hələ də üzüm yetişir çox yerdə, bal kimi. Burada hər şey bal kimidi, bircə, hə, bircə bal kimi bu şirinliyə bir az diqqət göstərəsən. Al, bu da sənə dünyanın yeni turizm möcüzəsi.

İ.N

www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri