24 
İyl
2017
14:54
5
154
4903
Virtual karabakh

Kimlərin cibi istirahətə imkan verir?

24 İyl, 2017
14:54
4903

Kimlərin cibi istirahətə imkan verir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra bütün sahələrdə olduğu kimi, xidmət sektorunda da bahalaşma müşahidə olunur.  Məsələn, ölkə daxilində kənd evlərinin kirayə qiymətləri əlverişli olsa da, hotellərdə bahalaşma qeydə alınır. Xidmət qiymətlərinə görə ən ucuz bölgə şimal-şərq - Quba, Qusar, Xaçmaz zonası hesab olunur. Qiymətlərə görə sonrakı yeri cənub zonası - Masallı, Lənkəran, Lerik tutur. Ən yüksək xidmət qiymətləri şimal-qərbdə-Qəbələ, Şəkidədir. Ekspertlər bunu ərazidəki hotellərin çox ulduzlu və komfortlu olması ilə əlaqələndirir.

Artıq yay mövsümünün ikinci ayı da başa çatmaq üzrədir. Hələ də Bakının istisində, bürküsündə, səs-küyündə iş başında olanlarımız, istirahət üçün növbəti ayı gözləyənlərimiz var. Hər kəsin istirahəti isə cibindəki pulun qalınlığından asılıdır. Əlin dolu cibindədirsə, ürəyin istədiyin yerdə, istədiyin kimi istirahət etmək imkanlarına maliksən. Əlin boş cibindədirsə, ən yaxşı halda evdə, varsa, kondisionerin altında istirahət edə bilərsən...

Pensiya və istirahət - mümkünsüzdür

Oxu.Az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında ölkədə 1 milyon 300 min təqaüdçü olduğunu deyib: “Onların 900 mini minimum, təxminən 150 manat civarında təqaüd alır. Təbii ki, onlar nəinki xaricə, hətta ölkə daxilində istirahətə getmək hüququndan məhrumdurlar. Təqaüdçülər sinfinin rəsmi gəlirlərini götürsək, onları istirahətə gedənlərdən kənara qoymaq lazımdır. Ölkədə orta əmək haqqı təqribən 500 manat , indiki məzənnə ilə 300 dollardır. Orta əmək haqqı alan insan həm il ərzində öz ehtiyaclarını ödəməli, həm dəm ilin sonunda istirahətə getmək üçün vəsait toplamalıdır. Reallıq onların bu imkanlardan məhrum olduğunu göstərir”.

Neft və bank sektorunda çalışanların vəziyyəti yaxşıdır
 
N.Cəfərli deyir ki, ölkədə muzdla çalışan 1,5 milyon nəfərin 900 mini dövlət və hökumət orqanlarında, büdcədən maaş alan təşkilatlarda çalışır: “600 mini isə kommersiya qurumlarında fəaliyyət göstərir. Burada orta aylıq əmək haqqı yüksəkdir. Bank sektorunda maaş təqribən 1200-1300 manata yaxındır. Bu əmək haqqı həmin sektorda çalışanların bəzilərinin istirahət etmək imkanlarını artırır. Neft sektorunda çalışanların əmək haqqı 1000-1500 manat civarında dəyişir. Burada təqribən 70 min nəfər çalışır. Onların da rəsmi gəlirlərinə görə istirahət etmək və seçənəkləri var. Amma rəsmi gəlirləri görünməyən, rəsmi gəlirlərdən kənar gəlirləri olan kifayət qədər işçi var. Onlar, əsasən, vəzifəli şəxslərdən və məmurlardan ibarətdir.  Bu kəsimin imkanları əvvəlki illərə nisbətən zəifləsə də, orta statistik azərbaycanlıya nisbətən ən azından Türkiyə və Avropaya uzunmüddətli tətilə çıxmaq imkanları hələ də qalır. Devalvasiyadan öncəki vaxtla Azərbaycandan Avropaya xaricə gedən turistlərin sayı azalıb. Amma bu fonda Gürcüstana gedənlərin sayında artım var. Bu istiqamətdə hər il təqribən 10-12 faiz civarından artım olur. Çox güman ki, orta və orta səviyyədən aşağı imkanları olan insanların böyük əksəriyyəti Gürcüstana səfər etməyə üstünlük verəcəklər. Ona görə ki, oradakı xidmət sahələrilə Azərbaycanın istənilən bölgəsində dincəlmə xərcləri arasında kəskin fərq olmur. Hətta Azərbaycanda - Qəbələ, İsmayıllı, Qusarda dincəlmək Gürcüstana nisbətən daha baha başa gəlir. Ona görə bu il də Gürcüstan istiqaməti ən populyar istiqamətlərdən biri olacaq”.

Müəllim maaşı alırsınızsa...

İstirahət etmək imkanları məhdud olanlara gəlincə, ekspert bu kateqoriyaya müəllimləri də daxil edir: “Azərbaycan postsovet ölkələrində müəllimlərin maaşına görə ən aşağı yerdə qərar tutan ölkələr sırasındadır. Müəllimlərin orta əmək haqqı təqribən 202 manata yaxındır. Təbii ki, 200 manat maaş alan müəllimin ay ərzində həm özünü dolandırması, həm də tətildə istirahətə yollanması imkansızdır. Amma həkimlərdə fərqlidir. Çünki özəl klinikalar, xəstəxanalar çoxdur. Dövlət müəssisələrində çalışan həkimlərə nisbətən, özəl müəssisələrdə çalışan həkimlər həm yaxşı qonorar, həm də yaxşı maaş alırlar. Düşünürəm ki, dövlətdə yox, özəldə çalışan həkimlərin istirahətlə bağlı problemi olmayacaq”.
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri