Okt
2017
21:39
149
57
8158
Virtual karabakh

Şamaxı - yenidənqurma işlərinin təntənəsi

Son illərdə Şamaxı rayonunda aparılan abadlıq, tikinti və yenidənqurma işləri geniş vüsət alıb. Həyata keçirilən layihələr rayonun sosial – iqtisadi göstəricilərinin və əhalinin rifahının yüksəlməsi ilə nəticələnib. Rayon ərazisində sosial infrastruktur obyektlər tikilib, yeni istehsal müəssisələri yaradaılıb, yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Rayonda turizm yüksək templə inkişaf edir 

Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl florası və faunası, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.

Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir.

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.

Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir.

Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var.

Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri qalan deyil. Bu bulaqların suyu müalicə baxımından da çox əhəmiyyətlidir. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar.

Şamaxı Safari Parkı

Qeyd etmək yerinə düşər ki, rayonun milli mətbəxi də qonaqların marağına səbəb olur. Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz səhifələrə çevrilir. Şamaxıya İrandan, Türkiyədən, Almaniyadan, Rusiyadan və s. ölkədən turistlər gəlir. Şamaxının ölkə paytaxtına yaxın olması da həm yerli, həm də xarici turistlər üçün çox əlverişlidir.

Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır. 2013-cü ilin may ayında 743-cü ilin yadigarı Şamaxı Cümə Məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması Şamaxıya daha da çox turist axınına səbəb olmuşdur.

Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli və xarici qonaqlar qəbul etmək imkanına malikdir.

Təsadüfi deyil ki, son illər rayona gələn turistlərin sayı sürətlə artır. Belə ki, bu göstərici 2011-ci ildə 70150 nəfər, onlardan 3650 nəfər xarici turist, 2012-ci ildə 71100 nəfər, onlardan 5500 nəfəri xarici turist, 2013-cü ildə isə 81000 nəfər, onlardan 9700 nəfəri xarici turistlərdir.

Bu gün rayonda 900 yerləşmə yeri olan 25 turist obyekti və 5 turist marşrutu mövcuddur.

Şamaxı rayonu üzrə turist marşrutları:

1. Şamaxı – Pirqulu – Dəmirçi kəndi
2. Şamaxı – Gülüstan qalası
3. Şamaxı – Kələxana kəndi
4. Şamaxı – Göylər kəndi
5. Şamaxı – Qaleyi Bəyqurd qalası

Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq

Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.

Şamaxı rayonunda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.

“Az-Granata” MMC Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Təkcə 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.

Prezident İlham Əliyev Şamaxıda “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub

Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Granata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Granata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.

Rayonda içməli su təchizatı və kanalizasiya xidmətlərində yenidənqurma

2010-cu ildə Şamaxıda Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin icrasına başlanılıb. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. 

Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib. Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib.

Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb

Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib. Bundan başqa, layihə çərçivəsində Şamaxı Su-Kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. İkimərtəbəli binada işçilərin fəaliyyəti və müştərilərin qəbulu üçün yüksək şərait yaradılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Perspektivdə Şamaxı şəhərinin böyüməsi, turizmin inkişafı nəzərə alınaraq şəhərin sabit və etibarlı su təchizatının aparılması üçün alternativ su mənbəyinin yaradılması da nəzərə alınıb. Bu məqsədlə artıq Ağsuçayın məcrasında suqəbuledici qurğunun, nasos stansiyasının və buradan Şamaxı şəhərinə qədər 22 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Yeni mənbədən magistral kəmər boyunca yerləşən kəndlərə suyun verilməsi də nəzərdə tutulur.Bu layihə çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. Sabirabad və Saatlı şəhərlərində su təchizatı sistemlərinin tikintisi başa çatıb, bu şəhərlərə magistral su kəmərindən suyun verilməsi təmin edilib. Qəbələ şəhərində su mənbəyində işlər tam yekunlaşıb, içməli su və kanalizasiya şəbəkələrinin, həmçinin tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 21-də su və kanalizasiya şəbəkələrinin, 8-də isə su şəbəkəsinin inşası yekunlaşıb.

Əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yollarının bərpasına yönəldilib

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə layihələrdən biri də Şamaxı rayonunda həyata keçirilib.Uzunluğu 8 kilometr olan Pirqulu-Dəmirçi avtomobil yolu istifadəyə verilib. Bu yol uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq. 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarhan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarhan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Bundan başqa uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisi başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

E.Ə.
www.oxu.az

Digər Turizm xəbərləri