10 
Okt
2018
08:00
249
27
10214
Virtual karabakh

ABŞ-dakı Azərbaycan restoranları amerikalı tənqidçini valeh etdi

10 Okt, 2018
08:00
10214

ABŞ-dakı Azərbaycan restoranları amerikalı tənqidçini valeh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı tənqidçisi Pit Vels “New York Times”da Azərbaycan restoranı haqda məqalə yazıb.

Oxu.Az-ın məlumatına görə, müəllif məqalədə Coney İsland prospektinin arxasında yerləşən “Village” kafesinin beş ildir fəaliyyət göstərdiyini bildirib:

“Kafenin qarşısında mavi, qırmızı və gümüşü çəpərləri olan dünyanın ən kiçik parkinqi nəzərə çarpır. Ərazinin arxasında isə geniş birmərtəbəli məkan var. Burada “Brighton” çimərliyindən şimalda Sovet ölkələrinə məxsus şam yeməyi verən restoranlar yerləşir. Bunlardan biri də Azərbaycan restoranıdır”.

Pit Vels bəzi yeməkləri tərifləyib:

“Burada çox dadlı yeməklər var. Bu kafedə bir qutab da olsa, yemədən getmirəm. Menyuda nəfis Azərbaycan lavaşının adı “kutaby” olaraq təqdim edilir. Pideyə oxşayan, ancaq onun nazik variantı olan qutab doğranmış, ədviyyatlı toyuq, yaxud quzu əti ilə doldurulur. Onu göyərti - ispanaq, göy soğan, keşniş, şüyüdlə də hazırlamaq mümkündür”.

Tənqidçi menyuda “mantı” adlanan, “pelmeni” olaraq servis edilən qovrulmuş küftələrin yer aldığını qeyd edib:

“Toyuq, yaxud quzu ətindən hazırlanmış küftələr qaynadılmış, ya da qızardılmış formada süfrəyə təqdim edilir. O, pomidor-bibər sousunda xüsusi dad qazanır. Azərbaycan restoranında olmasaydım, o sousu “salsa” adlandırardım”.

Pit Vels bildirib ki, restoranda “cız-bız” adlı dadlı yemək də müştərilərə təqdim edilir.

Onun sözlərinə görə, qaraciyər kiçik qızardılmış kublar şəklində, ya da böyrək əlavə olunmuş, soğan və kartof kubları ilə yağda bişirilmiş halda olur:

“Quru xəngəl yemək istədikdə, bu, onu nə vaxtdan planlaşdırdığımdan asılıdır. Çünki, o, adətən, bir gün əvvəldən sifariş verilməlidir. Qatıqla yeyilir”.

Tənqidçi Azərbaycan restoranında şorba içdiyini qeyd edib:

“Çünki “Village” kafesinin aşpazları bu işi necə etməli olduqlarını bilirlər. Küftə-bozbaş, quzu supu, borş, noxudlu sup, düşbərə çox tanınır. Kafedə  isti borş da təqdim edilir. Azərbaycan mətbəxi daha çox qonşuları Gürcüstanı, İranı əks etdirir, amma həm də borş kimi bəzi yeməklər Rusiya vasitəsilə Şərqi Avropadan gəlib”.

“Village” kafesinin dekorasiyasını Pit Vels belə təsvir edir:

“Kafedə adi stullarda deyil, rənglənmiş piknik stollarının ətrafında əyləşirsiniz. Qalan dekor isə “Brighton” çimərliyinin bağ yarmarkasını xatırladır: marinadlaşırılmış göbələk bankaları, naxışlı kəndli paltarı, kamuflaj papağı, bir-iki samovar, muncuqlu əl çantası kolleksiyası, bir neçə gil inək fiqurları, bığlı aşpaz heykəli və divardan asılmış iki böyük çəngəl”.

O qeyd edib ki, bu atmosferinə görə “Village” kafesi onun ikinci sevimli Azərbaycan restoranı olan Kengistondakı “Old Baku” ilə yarışır.

Tənqidçi “Old Baku”nu belə təsvir edib:

“Qonaq otağının önündəki pərdəli kabinləri və manqaldakı közləri qarışdıran şeflərin olduğu mətbəxi keçdikdən sonra bağçaya çatırsınız. “Old Baku”da, demək olar ki, hər kəs üzüm tağlarına sarılmış ağ işıqların altında üzüm şərabı içir. Əgər aşağı düşsəniz, boşqab dolusu təzə yığılmış bənövşəyi üzümlə qayıdacaqsınız”.

Pit Vels “Village” kafesinin öz mətbəxinə görə “Old Baku” üzərində qələbə çaldığını vurğulayır:

“Paxlalı meyvələrin, ərik, şabalıd, quru gavalı və qızardılmış quzu ətinin üzərinə qoyulduğu zəfəranlı plov burada ən bahalı yemək sayılır. Adlarını anlaya bilsəniz, salatlar da dadlıdır. Menyu təhsili olmayan biri tərəfindən təsadüfən yazılıb. Ona görə də salatlar “Bakıya səyahət”, “Qış əyləncəsi” və “Gözlənilməz qonaqlar” adlanır. “Bakıya səyahət” digərləri ilə müqayisədə daha dadlıdır, tərkibində ədviyyatlı badımcan, pomidor və bibər var.

Ənənəvi lobya salatı qaymaqlı, duzlu, yağlı, qozlu və keşnişlidir. Əsas menyudakı adlar da  kinayəlidir. Toyuq kotleti “Kəndin möcüzəsi”, pendir və qaymağın altında basdırılan isə “Toyuqların anası” adlanır”.

Gediləsi ən yaxşı yerin kababxanalar olduğunu qeyd edən amerikalı bildirib ki, qızardılmış bildirçin əti üstünlük təşkil edir:

“Quzu qabırğası və antrikot burada lavaşa bükülmüş halda təqdim edilir. Şişlər isə pomidor və badımcandan ibarət olur. Hər ikisini dadmağa dəyər. Doğranmış və soğanla qızardılmış çox dadlı kartof verirlər”.

Sonda müəllif bir, ya iki fincan tünd çayın həzmə yaxşı təsir göstərməsi haqda yazıb:

“Çətin ki, desert yeyə biləsiniz. Lakin çayın yanında Napoleonsayağı paxlava yeməyə dəyər”, - deyə tənqidçi Azərbaycan restoranı haqda yazısını yekunlaşdırıb.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri