11 
Avq
2017
17:38
74
24
3376
Virtual karabakh

“Dəniz kuboku - 2017”-nin qalibi müəyyənləşdi – VİDEO + FOTO

11 Avq, 2017
17:38
3376

“Dəniz kuboku - 2017”-nin qalibi müəyyənləşdi – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, mərasimdə yarış iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və “Dəniz kuboku - 2017” haqqında videoçarx nümayiş etdirilib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb. Yarışların hakimlər briqadası, komandalar mərasimə dəvət olunub, iştirakçı dövlətlərin bayraqları gətirildikdən sonra müsabiqədə yer tutan komandalar təqdim olunub.

Sonra “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibləri elan edilib və qalib komandalar fəxri kürsüyə dəvət olunub. Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibləri elan edilib. Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin komandalara mükafatları təqdim ediblər. Müsabiqədə 1-ci yer tutmuş Azərbaycan və Rusiya komandalarının şərəfinə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarını salamlayaraq onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb. “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil olunaraq keçirildiyini qeyd edən general-leytenant K.Vəliyev müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında dostluq və qardaşlıq mühitinin yaranmasına xidmət etdiyini xüsusi vurğulayıb. Nazir müavini iştirakçılara uğurlar diləyərək “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsini bağlı elan edib.

Sonra hər komandadan bir nəfərin iştirakı ilə III Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku - 2017" yarışlarının bayraqları endirilib. Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekun mətbuat konfransı keçirilib.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının nəticələri barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri