13 
Noy
2014
17:02
404
27
54138
Virtual karabakh

Azərbaycanlı komandirin erməni helikopterini hansı silahdan vurduğu açıqlandı – RƏSMİ + FOTO

13 Noy, 2014
17:02
54138

Azərbaycanlı komandirin erməni helikopterini hansı silahdan vurduğu açıqlandı – RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyi məlumat yaydı.

Müdafiə Nazirliyi cəbhə bölgəsində vurulan helikopterlə bağlı növbəti açıqlamasını yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

Həmişə olduğu kimi yenə də Ermənistan tərəfi riyakarlıqdan əl çəkmir və Mi-24 döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbi qulluqçuları kimi təqdim etməyə çalışır. 

Halbuki məhv edilən Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Ekipaj komandiri mayor Sergey Saakyan İrəvan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.

Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.

Ekipajın digər üzvü leytenant Azat Saakyan İrəvan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.

Beynəlxalq qanunlara zidd olaraq Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə mövqelərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcəkdir.

Noyabrın 13-də həmçinin Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən helikopterinin vurulması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan tərəfinin dəfələrlə Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimizi pozanlara qarşı Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.

Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri “İQLA” daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Əlavə edək ki, 9K38 “İQLA” tipli daşınan zenit-raket kompleksi təyyarə, helikopter, qanadlı raket, pilotsuz uçan aparatların məhvi üçün nəzərdə tutulub.

Maksimal atış məsafəsi 5 kilometrədək, hədəfin hündürlüyü 10-3500 metr civarında ola bilər.

Silah cəmi 13 saniyəyə döyüş vəziyyətinə gətirilir və cəmi 5 saniyəyə atəş açıla bilər. “İQLA”nın raketi hədəfin yaydığı istiliyə nişanlanır.

Öz növbəmizdə qeyd edək ki, erməni mətbuatı israrla sübut etməyə çalışır ki, dünən Qarabağda məhv edilmiş helikopterin pilotu Sergey Saakyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbi qulluqçusudur. Lakin həmin şəxsin “Vkontakte” sosial şəbəkəsindəki profilinin təqdim etdiyimiz screen-shot təsviri, erməni mətbuatının yalanlarını bir daha ifşa edir. Profildə də göstərilir ki, məhv edilən erməni pilot Ermənistan Respublikasının ordusunda xidmət edirmiş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri