İyl
2015
17:43
203
25
2806
Virtual karabakh

Zakir Həsənov Latviyadadır - YENİLƏNİB + FOTO

3 İyl, 2015
17:43
2806

Zakir Həsənov Latviyadadır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazir görüşlər keçirib.

İyulun 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs arasında görüş olub.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tərəflər Azərbaycan ilə Latviya arasında əməkdaşlığın inkişafından, o cümlədən hərbi sahədə əlaqələrdən məmnun oluduqlarını bildirib, digər istiqamətlərdə də tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinə əsasən Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının yerinə yetirilməməsi və digər məsələlər barədə Latviya tərəfinə məlumat verilib.

Müdafiə naziri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilmiş dəhşətli qətliama dair bəyanatla çıxış etdiyinə görə Latviya Seyminə və ümumilikdə Latviya xalqına minnətdarlığını bildirib.

Andreys Pildeqoviçs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini Latviyanın daim dəstəklədiyini diqqətə çatdırıb.

O, bir sıra beynəlxalq, eləcə də Avropanın müxtəlif qurumlarında keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyinin Latviya tərəfindən daim dəstəkləndiyini və bundan sonra da bu mövqenin dəyişilməz qalacağını vurğulayıb. 

Görüşdə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı, ölkələrimizin təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmə və separatizmə qarşı qəti mövqeyinin nümayiş etdirilməsi, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılıb.

14:55

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-dən Latviya prezidenti vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonis ilə görüşüb. 

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. 

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. 

Latviya Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın Müdafiə naziri Latviya prezidenti vəzifəsinə seçilməsi münasibətilə cənab Raymonds Veyonisi təbrik edib və ona bu yüksək dövlət fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb. 

“Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir” - deyə general-polkovnik Z.Həsənov bildirib.

R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib. 

Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib. 

Səfər iyulun 4-də başa çatacaq.

10:21

Litvaya rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Zakir Həsənov Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.

Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri