20 
Okt
2017
11:40
40
383
14163
Virtual karabakh

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı - YENİLƏNİB + FOTO

20 Okt, 2017
11:40
14163

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən  Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən azərbaycanlı Ceyhun Çovdarov,  qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov güllə yarası alıblar.

Oxu.Az-ın məlumatına görə, “Gürcü arzusu” Partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında baş verən hadisə barədə araşdırma aparıldığını deyib: “Hazırda  naməlum şəxslərin törətdiyi hadisə ilə hüquq-mühafizə orqanları məşğul olur. Hadisənin hansı səbəbdən baş verməsinin təfərrüatları araşdırılır. Doğrusu, belə bir halın baş verməsi gözlənilməz idi. 2 nəfərin vəziyyəti gərgin olaraq qalır. Həkimlər əllərindən gələn köməyi edirlər”.

Ruslan Hacıyev bildirib ki, Azərbaycan tərəfi də məsələni nəzarətdə saxlayır: “Gürcüstanın daxili işlər naziri, səhiyyə naziri, parlamentin millət vəkilləri hadisə baş verən Qızılhacılı kəndində olub. Azərbaycanın  Gürcüstandakı səfiri də məsələ ilə maraqlanıb. Məsələ səfirliyin diqqət mərkəzindədir. Hadisənin əsl səbəblərinin nədən ibarət olduğunu gözləmək məcburiyyətindəyik”.

***

10:04

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. 

Oxu.Az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, məlumata əsasən, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: “Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyati təhlükəsi yoxdur. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır”.

Məlumatda qeyd olunub ki, daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerinə gedib, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.

Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər.

***

09:07

Qızılhacılı kəndində daha bir nəfərin yaralandığı məlum olub.

Oktyabrın 19-da saat 22:41-də Marneulinin Qızılhacılı kəndində, M.K.Atatürk küçəsində yerləşən seçki qərargahının önündə baş verən hadisədə daha bir nəfər güllə yarası alıb.

Oxu.Az Gaxa.ge-yə istinadən xəbər verir ki, kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən yaralanıb. Güllə yarası alanların beşi də Qızılhacılı sakinləridir. Ceyhun Çovdarov, Vüqar Bayramov, Azad Çobanov, Anar Məmişov və Elmar Hüseynov hazırda Marneulidəki xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, yüngül yaralanan kənd sakini Anar Məmişov evə buraxılıb. Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Marneuli polis idarəsi araşdırma aparır. Hələlik baş verən hadisənin səbəbləri haqqında məlumat verilmir.

***

00:19

Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Qızılhacılı kəndində “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar deputatlığa namizəd irəli sürülən Ceyhun Çovdarov güllələnib. 

Oxu.Az-ın Gaxa.ge saytına istinadən məlumatına görə, hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib. 

Məlumata əsasən, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllələnənlər arasındadır.

Hadisəni törədənlərin kimliyi bilinmir.

Yaralı şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri