11 
Fev
2019
18:09
25
145
4629
Virtual karabakh

Venesuela: Neft oyunları

11 Fev, 2019
18:09
4629

Venesuela: Neft oyunları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düz bir ay əvvəl Venesuelada ikili hakimiyyət bərqərar oldu. Müxalifət “Blitzkriq” həyata keçirə bilməsə də, beynəlxalq tanınma və bəzi yüksəkçinli hərbi zabitlərin dəstəyi fonunda onlar üçün vəziyyət o qədər də ümidsiz görünmür.

Ölkənin “müvəqqəti prezidenti” Xuan Quaydo hadisələrin inkişafını sürətləndirməyə can atmır və yəqin ki, Maduro rejimini tamamilə taqətdən saldıqdan sonra devirəcək. Ancaq Venesuelada  baş verən hadisələr və ABŞ-ın neft sanksiyaları Karakasın neft sənayesini çökdürə bilər.

Meksika körfəzində artıq hər birində yeddi milyon barel Venesuela nefti olan tankerlərdən ibarət  böyük “donanma” formalaşıb.

Bu yanacağın böyük hissəsi ABŞ sanksiyaları qüvvəyə minməzdən əvvəl alınıb, “qara qızılın” sahibləri özlərinə yeni alıcı axtarır. Venesuela hökuməti indi daxili neft anbarlarını doldurur və “qara qızılı”, demək olar ki, ixrac etmir. Hiperinflyasiya və yığılan (ödənilməmiş) maaşlar fonunda peşəkar mütəxəssislər kütləvi şəkildə iş yerlərini tərk edir. Rusiya ən iri neft şirkəti olan “Rosneft”in xətti ilə Venesuelaya yardım etməyə çalışır.

Hələlik dünya iqtisadi bazarı Venesuelada baş verənlərə enerji daşıyıcılarının qiymətlərinin qalxması ilə reaksiya göstərib. Aşağı templə də olsa, iki həftə ərzində neftin qiyməti qalxaraq,  62 dollar (bir bareli) səviyyəsinə çatıb.

Rusiyalı politoloq, siyasi elmlər namizədi Kamran Həsənov “Rosneft”in aktivləri və yatırımları genişləndirməsinin Venesuelanı bu girdabdan çıxaracağını düşünmür.

“Venesuela başdan-ayağa borc içindədir, iqtisadi artım əvəzinə, köhnə borclarını bağlamaqla məşğuldur. Kreditorlar arasında “Rosneft”dən savayı, başqa iri neft şirkətləri də yer alır. Rəsmi Karakas “Konoko” və “Eksson” kimi amerikalı neft nəhəngləri ilə arbitraj çəkişməsi aparır. Bütün bunlar qiymətlərə necə təsir göstərir? Müsbət. Dünyanın neftlə ən zəngin ölkəsi faktiki olaraq satışları dayandıran zaman, təklifin defisiti meydana gəlir”, - deyə mütəxəssis Oxu.Az-a açıqlamasında qeyd edib.

Habelə Həsənov neftin sürətli şəkildə bahalaşacağını hesab etmir, belə ki, dünya bazarları “qara qızılla” az qala aşıb-daşır.

“Güclü qiymət artımına nə Venesuela, nə də oxşar problemlərdən əziyyət çəkən Liviya təsir göstərə bilməz. Taktiki baxımdan situasiyaya ABŞ-la münasibətlərin (potensial olaraq) daha da kəskinləşməsi təsir göstərəcək. Sanksiyalar və hərbi müdaxilə ilə bağlı təhdidlər bir-iki dollarlıq bahalaşmaya səbəb olacaq, ancaq bu da çox sürməyəcək.

Yalnız əsl hərbi əməliyyatın başlaması neft bazarında təlatümə səbəb ola bilər. Ancaq belə olan halda əlavə 5-10 dollarlıq bahalaşmadan söz açmaq olar. Strateji planda, rejim dəyişməyənə və dövlət çevrilişi təhdidi aradan götürülməyənə qədər Venesuelada baş verənlər neft qiymətini stimullaşdırmağa davam edəcək”, - deyə Kamran Həsənov bildirib.

Onun sözlərinə görə, OPEC Venesuelaya dəstək göstərməyəcək, ancaq hər halda neft qiymətlərini sabitləşdirməyə cəhd edəcək. Hazırda neft ixracatçılarının çoxuna nə həddindən artıq yüksək, nə də həddindən artıq aşağı qiymət sərf edir.

“İranın öhdəsindən gəlmək üçün Körfəz ölkələrinin ABŞ-a ehtiyacı var, ona görə də istər-istəməz Birləşmiş Ştatların təsiri altındadırlar. Ola bilsin, onlar da dövlət çevrilişi cəhdi üçün əldən-ayaqdan getmir, bununla belə, heç kim Maduroya dəstək olmağa risk etməyəcək.

OPEC+ formatında Rusiya və İran istisna sayılır. Ancaq onlar da öz dəstəklərini ikitərəfli kanallarla gerçəkləşdirirlər”, - deyə rusiyalı politoloq vurğulayıb.

Qeyd edək ki, OPEC+ formatı 2016-cı ildə tələb-təklif arasında tarazlığın pozulması ilə əlaqədar neftin kəskin ucuzlaşmasından sonra vəziyyəti nizama salmaq məqsədilə yaradılıb.

Sövdələşmələrə əsasən, OPEC-ə üzv olan 15 ölkə, OPEC üzvü olmayan digər 11 iri neft istehsalatçısı (ölkə nəzərdə tutulur - red.) ilə birlikdə gündəlik hasilat həcmini 3.2-3.3 milyon barelə qədər azaltmağı razılaşdırıb. Format özünü doğruldub desək, yanılmarıq: növbəti illərdə “qara qızıl”ın qiyməti əhəmiyyətli dərəcədə qalxıb və neft bazarlarında nisbi sabitlik əldə olunub.

Onu da qeyd edək ki, OPEC+ formatının növbəti toplantısı yayda Bakıda keçiriləcək. Toplantıda başlıca olaraq neftin 60-70 dollar civarında uzunmüddətli sabitləşdirilməsi yollarının müzakirə olunacağı gözlənilir.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri