22 
Fev
2019
15:01
47
23
3542
Virtual karabakh

Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

22 Fev, 2019
15:01
3542

Ukraynadakı seçkilərdə kim qalib gələcək? - Politoloq rəyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada seçkiqabağı (prezident seçkiləri) kampaniyanın başa çatmasına sayılı günlər qalıb. Hazırda ölkənin başında olan Pyotr Poroşenko digər namizədlərlə müqayisədə, favorit sayılır. Bu gün ictimai rəyə təsir baxımından bütün rıçaqlar məhz onun əlindədir.

Bununla belə, müxtəlif sosioloji sorğulara inansaq, bu gün “seçki yarışında” “Xalqın köləsi” filmində baş rolu oynayan Vladimir Zelenski öndədir. Sorğu iştirakçılarının çoxu Ukraynaya məhz onun başçılıq etməsini istəyir, belə ki, onların fikrincə, başqa namizədlərdən fərqli olaraq, onun “əlləri çirkə batmayıb” .

Azərbaycan və Ukrayna arasında hər zaman isti münasibətlər olub. Ölkələr arasında ticari və iqtisadi əməkdaşlığın indiki səviyyəsi bunun əyani sübutudur. Ona görə Ukraynadakı prezident seçkiləri və münasibətlərin seçkilərdən sonra hansı şəkildə inkişaf edəcəyi Azərbaycanı maraqlandırmaya bilməz.

Dünya Siyasəti İnstitutunun direktoru, ukraynalı politoloq Yevgeni Maqda seçkiqabağı kampaniyanın aqibəti və seçkilərdən sonrakı gözləntilərlə bağlı Oxu.Az-a danışıb.

- Ukraynada prezident seçkilərinə bir aydan bir qədər çox vaxt qalıb. Seçkiqabağı proseslər hansı şəkildə inkişaf edir?

- Seçkilər kifayət qədər gərgin gedir, Yuliya Timoşenko aktiv şəkildə Pyotr Poroşenkonu tənqid edir, Vladimir Zelenski seçkiqabağı konsertlərini keçirir, Anatoli Qritsenko öz davranış üslubunu ortaya qoyaraq, “demokratik qüvvələrin vahid namizədi”nə çevrilməyə çalışır. Hazırkı dövlət başçısı isə tədricən populyarlığını artırır.

Son həftələrin əsas xəbəri Yuliya Timoşenkonun reytinqlərdə liderliyi əldən verməsi və üçüncü pilləyə düşməsidir. “Seçki yarışı”na Vladimir Zelenski başçılıq edir, Poroşenko ikinci yerdədir. Seçki kampaniyasının favoritləri yaxın rəqibin səhvə yol verəcəyi anı diqqətlə gözləyir. Zelenski və Poroşenko mövqelərini gücləndirdiyi halda, Timoşenko əksinə, “geriləyir”.

- Prezidentliyə namizədlərin əsas tezisləri nələrdən ibarətdir?

- Burada hərənin öz məntiqi yanaşması var. Məsələn, Vladimir Zelenski siyasi bəyanatlar səsləndirməkdən qaçır, öz şöhrətindən istifadə edir. İnsanların ona “ümid yeri” kimi baxması taktiki baxımdan onun işinə yarayır. Yuliya Timoşenko qazın qiymətini iki dəfə ucuzlaşdıracağına söz verir, Pyotr Poroşenko isə ölkəmizin özünümüdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlı danışır, beş ildən sonra NATO və Avropa İttifaqına üzvlüklə bağlı ərizə təqdim edəcəyinə söz verir.

- Ukraynadakı seçkilərdən sonra Rusiya-Ukrayna və Ukrayna-Qərb münasibətlərində hansı dəyişiklikləri gözləmək olar?

- Rusiyayönümlü namizədin qələbəyə şansı yoxdur. Rusiyada bunu yaxşı anladıqları üçün Ukraynadakı seçkiləri hər vəchlə gözdən salmağa çalışırlar. Mən seçkilərdən sonra Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşacağını gözləmirəm. Bunun üçün heç bir əsas yoxdur.

Qərblə münasibətlərə gəlincə, Ukrayna NATO və Avropa İttifaqının bel bağlanılası və etibarlı tərəfdaşı, faktiki olaraq bu təşkilatların Avropadakı forpostu (ön cəbhədə post) olduğunu tədricən sübuta yetirir.

- Ukrayna hər zaman Azərbaycanla dost münasibətlərdə olub. Necə düşünürsünüz, hansı namizəd prezident seçilsə, ikitərəfli münasibətlər daha yaxşı və məhsuldar inkişaf edə bilər?

- Fikrimcə, ikitərəfli münasibətlərdə ayrı-ayrı fərdlər deyil, ümumi maraqlar və ümumi baxışlar önəm kəsb edir. Hesab edirəm ki, prezident seçkilərinin başa çatmasından sonra Ukrayna və Azərbaycan energetika və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı genişləndirəcək, üstəlik, iqtisadi əlaqələr daha da fəallaşacaq.

R.Q.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri