27 
Apr
2015
20:38
36
512
12552
Virtual karabakh

Nepalda zəlzələ: Qurbanların sayı 4 mini ötüb – YENİLƏNİB + VİDEO

27 Apr, 2015
20:38
12552

Nepalda zəlzələ: Qurbanların sayı 4 mini ötüb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

6500-dən çox adam xəsarət alıb.

Nepalda dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 4 mini ötüb.

Oxu.Az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu gün də Nepalda yeraltı təkanlar qeydə alınıb. Belə ki, Hindistanın Carkhand ştatında zəlzələ 5,1 bal gücündə hiss olunub.

Qeyd edək ki, aprelin 25-də Nepalda 7,8-7,9 gücündə zəlzələ baş vermişdi. Ayın 26-da isə bütün regionda yeraltı təkanlar hiss edilmişdi.

10:25

Nepalda aprel ayının 25-də baş verən dağıdıcı zəlzələnin qurbanlarının sayı 3218 nəfərə çatıb, zərərçəkənlərin sayı isə 6500-ə yaxındır.  

Oxu.Az xəbər verir ki, bu barədə Frans Press Agentliyi Nepal DİN-in rəsmi nümayəndəsinə istinadən bildirib.

“Həlak olanların sayı 3218, yaralananların sayı isə 6500-ə çatıb”, - Nepal DİN-in fövqəladə hallar üzrə idarəsinin rəhbəri Rameşvor Danqal bildirib.

Onun sözlərinə görə, Hindistan və Çində daha 90 nəfər bu zəlzələnin qurbanı olub.  

Nepal qəzeti “Himalayan Times”-ın məlumatına əsasən qurbanların ümumi sayı 8 minə çata bilər. Bu qeyri-qənaətbəxş proqnozu yerli xilasetmə qruplarının və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cavabdeh olan məmurlardan alınan məlumat əsasında verilib.

7,9 maqnitudası olan zəlzələ Nepalda aprel ayının 25-i yerli vaxtla 11:56-da (Moskva vaxtı ilə 09:11-də) baş verib. Keçən sutka ərzində seysmoloqlar 48 təkrar təkan qeydə alıblar, onların maqnitudası 3,5-dən 6,9-a qədər olub. Xəbər verilib ki, bu zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.

Təbii fəlakət nəticəsində ən çox Nepalın paytaxtı – Katmandu zərər çəkib.

Şəhərin tarixi mərkəzi də zərər çəkib, əsasən də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş 1832-ci ildə ucaldılmış 62 metrlik qala Dxaraxara dağılıb.

 

26 aprel

Dünən Nepalda baş verən güclü zəlzələnin qurbanlarının sayı durmadan artır. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 2263-ə çatıb, 5580 nəfər isə xəsarət alıb.

Ölkədə fövqəladə vəziyyət davam edir. Hindistan, Pakistan, Çin və ABŞ Nepala tibbi yardım göstərəcəklərini vəd ediblər. Ərazidə xilasetmə işləri davam etdirilir. Ölən və yaralıların sayının artacağı qeyd edilir. 
  
Qeyd edək ki, dünən səhər Nepalın paytaxtı Katmandu yaxınlığında 7,9 maqnitudada zəlzələ baş verib. Bu gün səhər iə Nepalda 6,7 bal gücündə daha bir zəlzələ olub.  

09:21

Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805  nəfərə çatıb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.
 
Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.
 
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
 
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
 
Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib. 
 
Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub. 

25.04.2015 18:55

Nepalda baş vermiş dəhşətli zəlzələnin qurbanlarının sayı 876-ya çatıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

“Zəlzələnin qurbanlarının sayı Katmandu vadisində 524 qurban daxil olmaqla 876-ya çatdı,” – hüquq-mühafizə orqanlarından bildirilib.

Polis qeyd edir ki, axtarış-xilasetmə işləri davam etdirilir və dağıntılar arasında daha çox qurban aşkar oluna bilər.

17:38

Nepalda zəlzələdən ölənlərin sayı 700-ü keçib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Nepal daxili işlər nazirliyi məlumat verib. Daha öncə, hakimiyyət 597 nəfərin öldüyünü bildirmişdi.

Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb.

Zəlzələ nəticəsində Katmandudaki bəzi binalar dağılıb. Qonşu Hindistan və Pakistanda da hiss edilən təkanlar ciddi zərərə səbəb olub. Ancaq rəsmilər insan təlafatı və itkilər barədə hələlik açıqlama vermir.

Qeyd edək ki, ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin gücünü daha əvvəl 7,5 bal olaraq açıqlamışdı. Daha sonra yayımladığı məlumatda təkanların 7,9 bal olduğunu qeyd edib.

15:40

Nepalda güclü zəlzələ nəticəsində 150-dən çox insan həyatını itirib.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölkənin paytaxtı - Katmandu şəhərində - bir neçə ev dağılıb. 

ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin episentri Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə yerləşib və 7,9 bal gücündə olub. 

Yeraltı təkanlar həmçinin Hindistanın Dehli,  Kolkata və Lakxnau şəhərlərində də hiss edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri