May
2024
14:16
32
102
2456
Virtual karabakh

Ərəbin çəkdiyi qəlyan, bizim çəkdiyimiz dağ - FOTO

2 May, 2024
14:16
2456

Ərəbin çəkdiyi qəlyan, bizim çəkdiyimiz dağ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Mənə elə gəlir ki, Bakıda qəlyan inqilabı baş verib. Bakıda elə künc-bucaq saxlamayıblar ki, oranın menyusunda qəlyan olmasın. Şəhəri sözün həqiqi mənasında işğal ediblər.

Azərbaycanda qəlyan ənənəsi elə də qədim olmasa da, müasir dövrdə demək olar ki, Azərbaycan məişətinə ciddi inteqrasiya edib. Hətta cavan və gənc xanımlar da “dincələndə” aktiv şəkildə qəlyan çəkirlər. 

Qəlyanlar ən bahalı məkanlardan tutmuş, ən ucuz “dayday kafesi”nə kimi müştərilərə təklif olunur. Qiymətlər isə təqribən belədir: almalı qəlyan 20-25 manata, qreypfrutlu qəlyan 30 manata, ananaslı qəlyan isə 35 manatadır. İndi məkana görə qiymətlər təxminən 5-10 manat civarında dəyişə bilər. Ya ucuz, ya da baha. Gördüyüm ən ucuz qəlyan isə 15 manatdır.

Mahiyyət odur ki, bir neçə il əvvəl tütünlə bağlı qanun qəbul olundu. 

Amma qəlyan çəkməyən adamlar hələ də ictimai yerlərdə qəlyanın havasını qəbul etməkdə davam edir, daha doğrusu buna məhkumdurlar.

İndi deyəcəksiniz ki, o hansı qanundur elə? 

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunda yazılıb ki: tütün məmulatı - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur;

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər göstərilir. Bəs bunlar haradır?

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
10.1.5. ticarət obyektlərində;
10.1.6. məişət obyektlərində;

İstəyən bu linkə keçid edərək qanunla tanış ola bilərlər: https://e-qanun.az/framework/37481 

Sonda isə vacib qeyd, 16-cı maddə qanunun pozulmasına görə məsuliyyət müəyyən edir:

Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Deməli ölkə başçısının imzası ilə tamamlanan bu qanunda bütün aspektlər nəzərə alınıb. Qaldı bunu real həyatda görmək, tətbiq etmək. 

Amma ki, real həyatda restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində biz aktiv sürətdə qəlyan və siqaret çəkənləri görürük. Yetkinlik yaşına çatmış hər bir şəxs qanunu pozmadan müəyyən olunmuş yerlərdə tütün məmulatından istifadə edə bilər, amma hər nədirsə biz kollektiv surətdə bu qanunun pozulmasının şahidi oluruq.

Təsəvvür edin ki, bu an üçün istənilən məkana getsək, orada mütləq şəkildə qəlyan çəkənləri görəcəyik.

Restoran administratorları bunu onunla izah edirlər ki, xaricdən gələn qonaqlar, əsasən də ərəb turistləri gəldikləri məkanlarda dadlı Azərbaycan xörəkləri ilə yanaşı, Azərbaycan çayı və ərəb qəlyanı tələb edirlər.

Əla, təki sahibkar qazansın, iqtisadiyyat inkişaf etsin, ölkə də çiçəklənsin. Amma sadə vergi ödəyicilərini də düşünmək gərəkdir.

Düzdür onun hörməti, cibi, gəlirləri ərəb turist qədər olmasa da, o da bizim vətəndaşdır. Onun da, ərəb turist kimi restoran, kafe, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində istirahət etmək hüququ var. O da, dostu, ailəsi ilə birgə qəlyan, siqaret qoxusu olmayan yerdə vaxt keçirtmək istəyir. O da, dadlı Azərbaycan mətbəxindən dadıb, xörəyin və çayın əsrarəngiz qoxusunu almaq istəyir. Qəlyan və siqaret qoxusunu deyil.

Yaxşı bəs nə edək? 

Restoranlara girəndə qanunun nüsxəsini çıxarıb əlimizdə tutaq, yoxsa elektron versiyasını restoranı idarə edən rəhbər işçiyə göstərək? 

Tutalım müvafiq qanunu restoran əməkdaşına göstərdik, reaksiyası nə olacaq? Böyük ehtimal deyəcək ki, “mən sizə qulluq göstərməkdən imtina edirəm, qəlyan və siqaret qoxusundan xoşunuz gəlmir xoş getdiniz!”

Bəs necə edək ki, siqaret, qəlyan çəkməyənlər üçün də kafe-restoranlarda təmiz və tüstüsüz yer ayrılsın?

Onu da qeyd edim ki, bəşəriyyəti bu bəlaya Xristofor Kolumb salıb. O, 1492-ci ildə Amerikaya gedib çatanda hindular ona tütünlə dolu “sülh çubuğunu” çəkməyi təklif edirlər. Odur-budur bu “sülh çubuğu” keçib insanların boğazına. Hər il milyonlarla insan siqaret və onun digər qohumlarından bir sıra ürək-damar xəstəlikləri, diş və diş əti xəstəlikləri, xərçəng kimi ağır xəstəliklərə yoluxur. Bəziləri isə iddia edirlər ki, qəlyan və elektron siqaretlər ənənəvi siqaret qədər ziyanlı deyil, çünki sudan keçir və onun ziyanlı maddələri guya suda süzülür.

Mütləq şəkildə qeyd edirəm ki, bir çəkilən qəlyanın ziyanı bəzi mənbələrdə 50 ədəd siqaretə, bəzi mənbələrdə isə 100 siqaretə bərabər hesab olunur. Mütəxəssislərin və həkimlərin dediyinə görə, qəlyanda yanan tütün həcminə görə daha çox olduğu və birbaşa ağciyərə nüfuz etdiyi üçün xərçəng xəstəliyinin yaranma riskini olduqca çoxaldır. Bundan əlavə ağız və ağız boşluğunda, nəfəs yollarında, ağciyərlərdə iltihab, ağırlaşmalar yarada bilir. Uzun sözün qısası, həm özünüzə, həm də digərlərinə yazığınız gəlsin. Bu qəlyanın daşını atın kənara!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri