Mar
2017
16:12
40
638
66218
Virtual karabakh

Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus qəza törətdi: Ölənlər var – YENİLƏNİB

9 Mar, 2017
16:12
66218

Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus qəza törətdi: Ölənlər var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Bakı-Sumqayıt yolunda baş vermiş qəza barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda deyilir ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

14:58

Bu gün Bakı-Sumqayıt yolunda baş verən və nəticədə beş nəfərin öldüyü, 20 nəfərin yaralandığı ağır qəzanın təfərrüatları məlum olub.  

Oxu.Az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisənin şahidlərindən birinin sözlərinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələrinin olduğu “Ford Tranzit” avtomobilinin ardınca şəxsi avtomobilində bu universitetin dekanı da yola düşüb. Avtobus yolun kənarında dayanan kərpic yüklü olan yük maşınına çırpılanda dekan avtomobilini saxlayıb. O, avtobusda tələbələrinin olduğunu bilmirdi. 

Yaxın gəldikdə kişi xəsarət alanların çoxluğundan şok keçirib. Qəzanın bütün qurbanları hələlik sağ idilər. Daha böyük şoku isə o, yaralılar arasında tələbələrini tanıyarkən yaşayıb. Bir neçə dəqiqə sonra tələbələrindən ikisi onun gözü önündə ölüb. Faciənin şahidlərinin sözlərinə görə, mikroavtobusun sürücüsü sürət həddini aşıb. 

Həmçinin məlum olub ki, Sumqayıt sakini, sürücü Hüseynov Namiq Hüseyn oğlu tələbələrlə razılaşaraq onları hər gün Bakıda öncədən danışılmış yerdən götürərək universitetin qarşısına aparırdı. 

10:57

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin adları məlum olub.

Oxu.Az xəbər verir ki, avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. 

Belə ki, qəzaya uğramış qanunsuz sərnişindaşıma ilə məşğul olan “Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli Report-a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb. 

Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.

09:32

Abşeron rayonu ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus qəzaya düşüb.

Oxu.Az xəbər verir ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Məlumata görə, “20 Yanvar” metro stansiyasının yaxınlığında qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sürücüsü Bakı-Sumqayıt yoluna çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. 

Zərbə nəticəsində yolu keçmək istəyən piyada dəmir arakəsmələrə çırpılıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri