18 
Apr
2017
15:53
26
218
4560
Virtual karabakh

DYP-dən yenilik: Texniki baxışdan keçməyən avtomobil radara düşəcək

18 Apr, 2017
15:53
4560

DYP-dən yenilik: Texniki baxışdan keçməyən avtomobil radara düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda texniki baxışdan vaxtında keçməyən avtomobilin sürücüsünə elektron protokol tərtib oluna bilər.

Oxu.Az xəbər verir ki, bu barədə avtosfer.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb və Milli Məclisə göndərilib. Yaxın vaxtlarda məsələnin müzakirəsi gözlənilir.

Şöbə rəisi bildirib ki, sürücülərin bəziləri avtomobili texniki baxışdan vaxtında keçirmir. Yol polisi isə onları hər zaman hərəkətdə olarkən yaxalaya bilmir və beləliklə də texniki baxışdan yayınma halları yaranır. Bu isə nasaz avtomobillərin istismarı nəticəsində yol qəzalarının baş verməsinə səbəb olur. Ona görə də, DYP sürücülərin texniki baxışa daha məsuliyyətli yanaşmasını zəruri edən addım ataraq təkliflər hazırlayıb.

Təkliflərin mahiyyəti ondan ibarətdir ki, təyin olunmuş müddət ərzində texniki baxışdan keçməyən nəqliyyat vasitəsi istismar olunarkən, yəni idarə edilərkən müşahidə kameraları vasitəsilə qeydə alınacaq və sürücü barəsində elektron protokol tərtib ediləcək. Hazırkı qanunda olduğu kimi, protokolu aldıqdan sonra 10 gün ərzində texniki baxışdan keçməyən sürücü yenə də avtomobili idarə etməkdə davam edərsə, növbəti dəfə barəsində elektron protokol tərtib oluna bilər. Eyni zamanda, 10 günün tamamında yolda DYP əməkdaşı da həmin avtomobili saxlayıb sürücüyə cərimə yaza bilər.

Kamran Əliyev bildirib ki, belə bir təcrübə artıq Azərbaycanda mövcuddur. Belə ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra icbari qaydada sığorta edilmədən idarə olunan nəqliyyat vasitələrinin sürücüləri barəsində elektron protokol tərtib olunur. Bu qaydanı texniki baxışdan keçməyən avtomobillərlə bağlı da tətbiq etmək mümkündür.

Qeyd edək ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır. Texniki baxışdan keçməməyə görə cərimə isə 50 manat nəzərdə tutulur və cərimə yazılandan sonrakı 10 gün ərzində texniki baxışdan keçmədikdə yenə də 50 manat cərimə tətbiq olunur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri