Sen
2017
15:21
45
257
6270
Virtual karabakh

Binəqədi sakini: Dərs başlayacaq, əsl biabırçılıq onda olacaq – VİDEO

9 Sen, 2017
15:21
6270

Binəqədi sakini: Dərs başlayacaq, əsl biabırçılıq onda olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda bir neçə gündür uzun tıxacların yaranması sakinlərin etirazına səbəb olub. Sentyabrın 7-i axşam saatlarında təmir olunan əsas yolun bir hissəsinin bağlanması marşrut avtobuslarının hərəkət cədvəlininn pozulmasına səbəb olmuşdu və “Azadlıq prospekti” metrostansiyasından çıxan yüzlərlə qəsəbə sakini yolda qalmışdı. Bir saatdan çox gözləyən vətəndaşlar evlərinə piyada getməyə məcbur olmuşdu.

Oxu.Az-ın xəbərinə görə, hər gün bu yolla işə gedib gələn Binəqədi sakini S.Cavadov “Qafqazinfo”ya bildirib ki, Binəqədi şossesində tıxac tez-tez olur:

“Yol qazılıb, borular çəkilib, amma elə-belə üstü örtülüb. Hər dəfə saatlarla marşrut gözləyirik. Bir neçə gün əvvəl tıxac vaxtı orada yol polisi də var idi, amma kənarda dayanmışdılar, avtomobillər bir-birinə girmişdi deyə heç nə edə bilmirdilər.

Yolu düzəltmirlər, qaz, su çəkənlər işləmir, qazıb çıxıb gedirlər. Neçə aydır işi bitirə bilmirlər, dərs başlayacaq, əsl biabırçılıq onda olacaq. Bir yeri sökürlər, sonra üstünü örtürlər, 2 gündən sonra eyni yeri yenidən sökürlər. Marşrutlarda qapı və pəncərə bağlanmadığı üçün söküntünün bütün tozu avtomobilə dolur”.

Bəs qəsəbənin əsas yolunda uzun müddət davam edən problemlər aradan qaldırılmamasının səbəbi nədir?

Qazıntı işlərini “Azərsu” ASC həyata keçirir. Özünü təqdim etməyən iş icraçısı bildirib ki, onlar işə bu gündən başlayıblar və tıxac olan gün həmin yolda heç bir təmir işləri aparılmayıb. İcraçı qeyd edib ki, 200 metrlik su borusu çəkəcəklər və bu işlər təxminən 2 günə yekunlaşacaq.

Hazırda qazıntı aparılan yerdən şəhər istiqamətində yolun sağ tərəfi təxminən 3 metr enliyində qaşınaraq avtomobillər üçün yarasız hala salınıb və bir neçə nöqtədə yola iri daş parçaları atılıb. Bu daş parçaları isə daha irihəcmli avtomobillərin də hərəkətini mümkünsüz edib.

Sentyabrın 7-də həmin yolda təmir işləri aparılmayıbsa, saatlarla davam edən tıxaca nə səbəb olub?

Bu suala cavab tapmaq üçün bir neçə müvafiq quruma müraciət etdik.

“Azəravtoyol”un mətbuat katibi Anar Nəcəfli açıqlamasında bildirib ki, həmin tarixdə yolda təmir aparılması üçün hər hansı məlumatı yoxdur:

“Əslində orada kommunikasiya xətlərinin çəkilməsi yay ayında bitməli idi, sonra biz yenidənqurma işlərini sentyabradək bitirməli idik. Çünki yol bərbad vəziyyətdədir. Amma kanalizasiya, su, qaz və digər yeraltı xətlərin çəkilməsi başa çatmadığı üçün biz əsaslı təmirə başlaya bilmədik.

O yolda bir müddət əvvəl qazıntı işləri aparıldığını yolun hərəkət hissəsinin yarısında avtomobillər hərəkət edə bilmir. Günün pik saatlarında avtomobillərin sayı artdığı üçün ola bilsin ki, yol polisi tərəfindən bir istiqamət üzrə yol bağlanılıb. Çünki hər iki istiqamətdən avtomobillər gəlib yola daxil olsa, hər iki yolda hərəkət tamamilə dayana bilərdi”.

Tıxacdan bir gün sonra işə başlayan “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da açıqlamasında deyib ki, sentyabrın 7-də Binəqədi şossesində heç bir təmir işi aparmayıblar:

“Tıxacın səbəbi nə su, nə də kanalizasiya xətlərinin çəkilməsi ilə bağlıdır. Biz həmin yolda yağış kollektorları tikib bitirmişik. Hazırda kiçik bir su xətti çəkilir, bu da yolun kənarındadır, avtomobillərin hərəkətinə mane olmur. “Azərsu” həmin yoldakı işlərini maksimum 1 aya tamamlayacaq. Tıxacın səbəbi ilə bağlı isə yol polisi məlumat verə bilər”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri