11 
Dek
2017
23:37
267
71
24848
Virtual karabakh

Ermənidən tüninq sənədi alan sürücü Bakıda saxlanıldı – VİDEO + FOTO

11 Dek, 2017
23:37
24848

Ermənidən tüninq sənədi alan sürücü Bakıda saxlanıldı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakini Yusupov Ələkpər Yusif oğlunun yol polisi ilə bağlı şikayətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cavab verib. Sürücü iddia edir ki, yol polisi 3 gündür onun 99 KB 078 dövlət nömrə nişanlı “VAZ-2170” markalı avtomobilini heç bir əsas olmadan cərimə meydançasında saxlayırlar: 

“Mənə məxsus olan avtomobildə edilən dəyişiklər Xırdalan şəhərində yerləşən BŞDYPİ-də razılıq alınıb və qeydiyyat şəhadətnaməsinin xüsusi qeydlər bölməsində “A/N SPORT YIĞILIB” sözləri ilə qeyd edilib. Dəyişiklikləri qeydiyyata almaq kimi səbəb dəyişdirdiyim ehtiyat hissələrinin sənaye üsulu ilə bütün normativlərə cavab verən zavod tərəfindən sertifikatlaşdırılıb və həmin marka və model üçün quraşdırılması üçün nəzərdə tutulub. Bunu onlara dəfələrlə izah etməyə çalışsam da, çoxsaylı sertifikatlar təqdim etsəm də, onlar buna heç bir məhəl qoymadılar”.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücü sənədlərin və texniki pasportun sürətini də təqdim edib. Sənədlərdən məlum olur ki, bu avtomobil Rusiyada tüninq edilib. Tüninqə isə Maslova soyadlı şirkət rəhbəri və Qasparyan soyadlı erməni ekspert rəy verib və imza atıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, həqiqətən də adıçəkilən sürücünün idarə etdiyi 99 KB 078 dövlət nömrə nişanlı, “Lada-Priora” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyi üçün YPX əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. 

“Vətəndaş bir neçə sənəd təqdim etməklə və məsələni ictimailəşdirməklə özünü haqlı hesab edir. Sürücüyə verilmiş sertifikatda Kasparyan soyadlı ekspert avtomobilin qanunauyğun şəkildə dəyişdirildiyini bildirir. Amma bu sənəd Rusiya Federasiyasi ərazisi üçün nəzərdə tutulub. Həmçinin, sənəddə göstərilən “sporta yığılıb” ifadəsi yalnız spoylerlərə aid edilir. Vətəndaş isə avtomobilin yaylarının da qanunvericiliyin tələblərinə uyğun olduğunu iddia edir. Lakin sürücü bundan əvvəl də İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələbini pozub. Yəni avtomobilin konstruksiyasına dəyişiklik edərək əlavə avadanlıq quraşdırıb. Buna görə inzibati məsuliyyətə cəlb edilib. Ötən həftə mən də həmin sürücünü qəbul etdim və hüquq və vəzifələrini izah etdim. Onun mənimlə söhbəti tam səmimi oldu. Sonra da gedib məsələni ictimailəşdirməklə özünə haqq qazandırmağa çalışıb”.

Vaqif Əsədov bildirib ki, bununla bağlı avtomobilin istehsal edildiyi zavodla da əlaqə saxlayıb. 

“Zavoddan da bildirdilər ki, “VAZ Priora” tipli avtomobillərin sport tipli yığılması mümkün deyil. Yalnız  “Kalina” və “Granta” modellərinə bu icazə var. Araşdırmalar zamanı məlum olub ki, avtomobil Rusiyadan zavoddan alınsa da orada tüninq edilməyib. Sadəcə olaraq bu iş zavoddan kənarda həyata keçirilib”.

Vaqif Əsədov avtomobildə yayın kəsildiyini və bunun da qanun pozuntusu olduğunu bildirib: 

“İstehsalçı zavodun mənə verdiyi rəsmi məlumata görə, yayın dairəsi 11 ədəd olmalıdır. Lakin sürücü bunu kəsdirib və 7 ədəd saxlayıb. Vətəndaş isə zavoddan deyil, hansısa qanunsuz yerdən sertifikat əldə edib təqdim etməklə buna bəraət qazandırmağa çalışır”.

DYP-dən o da bildirildi ki, sürücünün maşını 3 gün əvvəl cərimə meydançasına aparılarkən KYP 547429 nömrəli inzibati protokol tərtib edilib və sürücü İXM-nin 342.2.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilib. 

“Sənədləşmə qanunun tələbləri əsasında düzgün aparılıb” - deyə, Vaqif Əsədov yekunlaşdırıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri