28 
Yan
2018
22:08
356
101
8209
Virtual karabakh

Bakıda avtoxuliqanlara nəzarət gücləndirilir

28 Yan, 2018
22:08
8209

Bakıda avtoxuliqanlara nəzarət gücləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Hadisənin birində sürücülük hüququ olmayan şəxs əlillərə dövlət tərəfindən verilən avtomobili götürərək təhlükəli idarə edib, DYP-yə tabe olmayıb. Faciədən son anda yayınan sürücü yol polisindən qaçmağa cəhd göstərib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb.

Digər avtoxuliqanlıq Nobel propektində qeydə alınıb. İki “Mercedes” markalı avtomobilin ötüşməsi zamanı maşınların biri hərəkətdə olan başqa avtomobilə çırpılıb.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, Bakı şəhərində avtoxuliqanlara nəzarət daha da güclənib:

“Kimliyindən aslı olmayaraq, avtoxuliqanlıq edən şəxslər cəzalandırılır. Təkcə bu ilin yanvarın 25-nə qədər Bakı şəhəri üzrə 10 avtoxuliqan saxlanılıb. Hər birinə ən azı 15 sutka həbs verilib. Keçən ilə nisbətən avtoxuliqanlıq edən şəxslərin sayı azalıb, 2017-ci ildə bu rəqəm 16-17 idi. Lakin məsələ ondan ibarətdir ki, avtoxuliqanlıq edənlər, əsasən, 22- 25 yaşlı gənclərdir”. 

Yol-nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dünyanın hər yerində avtoxuliqanlıq edən sürücülər var. 

O, avtoxuliqanlıqla mübarizə təkliflərini açıqlayıb:

“Birincisi, heç kəsə güzəşt olunmamalı, hamı qanun qarşısında bərabər olmalıdır. Avtoxuliqanlıq faktı istər yol polisi tərəfindən, istər texniki vasitə ilə, istər digər sürücülər tərəfindən lentə alınanda məsələ araşdırılmalı, həmin şəxslər cəzalandırılmalıdır. Avtoxuliqanlıq edən şəxs ən az bir illik sürücülük hüququndan məhrum edilməlidir. 

İkincisi, avtoxuliqanlar cəza çəkəndən sonra bir müddət nəzarətə götürülməlidir. Dünyanın bir neçə ölkəsində belə təcrübə var. Avtoxuliqan yenidən sükan arxasına keçərsə, o, saxlanılır və yenidən məsuliyyətə cəlb edilir.

Üçüncü məsələ təbliğat və təşviqatdır. Cəmiyyət avtoxuliqanlığı qınamalıdır”. 

Ərşad Hüseynov qeyd edib ki, əlillərə dövlət tərəfindən verilən avtomobillərin gənclər tərəfindən idarə olunmasına tez-tez rast gəlinir:

“Bu avtomobilləri idarə edənlərin çoxu əlil deyil. Gənclərin bu maşınları idarə etməsi faktları ilə tez-tez rastlaşırıq. Təbii ki, onların müharibə əlili olması inandırıcı deyil. 

Bəzən əlillərə hörmət edib avtomobili saxlamırlar. Gənclər də bundan istifadə edirlər”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri