13 
Yan
2020
20:40
135
29
8615
Virtual karabakh

“CityAirbus” aero taksisi ilk sərbəst uçuşunu həyata keçirdi - VİDEO

“Airbus” şirkətinin “Airbus Helicopters” bölməsi tərəfindən yaradılan uçan taksi ilk sərbəst uçuşunu həyata keçirib.

Bu barədə TASS “Le Parisien” qəzetinə istinadla informasiya yayıb.

Bu layihə şirkət tərəfindən Paris Nəqliyyatı Muxtar İdarəsi (RATP) ilə birlikdə həyata keçirilir.

Əslində bu uçuş “CityAirbus”ın ikinci uçuşu olub. Lakin 2019-cu ilin mayında keçirilən ilk uçuşda maşına qoruyucu kanatlar bərkidilib. Həmin vaxt sadəcə mühərrik və uçuşa nəzarət sistemləri sınaqdan keçirilib.

İndi isə söhbət praktiki cəhətdən tamamlanmış, havada 120 kilometr/saat sürətlə dörd nəfəri daşımaq iqtidarında olan maşından gedir. Uçan taksinin mühərriki elektrik enerjisi ilə çalışır, uçuş və eniş şaquli icra olunur.

Hazırda proqram iştirakçıları proqramın Paris-İl-de-Frans regionunda icrası imkanlarını nəzərdən keçirir. Burada söhbət 2024-cü il Olimpiya oyunlarına qədər Parislə Disneylend arasındakı yolu uçan taksilərlə təmin etmək, həmçinin Ruassi və Sen-Deni şəhərləri arasında sərnişin daşınması marşrutu yaradılmasından gedir.

Yerüstü nəqliyyatının yükünün bir hissəsinin azaldılmasına imkan verəcək uçan taksilərin kommersiya məqsədilə istifadəsi 2030-cu ildə mümkün olacaq. O zaman Paris və Versal arasında marşrutlar xidmətə başlayacaq, həmçinin Defans biznes-kvartalına daşınmalar icra olunacaq.

“Le Parisien”in məlumatına görə, hazırda uçan taksilər sərnişinlərlə birlikdə uçmaq üçün texniki cəhətdən tamamilə hazırdır. Qarşıda isə bu cür nəqliyyat sisteminin yaradılması və idarəsi ilə bağlı problemlərin tənzimlənməsi dayanır. Bununla bağlı müvafiq qanunların və normativ aktların qəbulu, həmçinin uçuşların idarə edilməsi sisteminin yaradılması gözlənilir. Həmçinin uçan taksilərin yaratdığı səs-küylə bağlı da sakinlərin narazılıqlarının yaranması problemə çevrilə bilər.

Bütün bunlarla yanaşı, sözügedən aparatların eniş etməsi üçün meydançalara yer tapılması, həmçinin onların enerji ilə doldurulması üçün cihazların təmin edilməsi məsələsi də diqqət mərkəzində olacaq.

Uçan taksilərin elit deyil, bütün vətəndaşlar üçün əlçatan olması planlaşdırılır. Belə ki, RATP qiymətlərin hər kilometr üçün 1-2 avro təşkil edəcəyini qeyd edir.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri