19 
Mar
2020
17:07
101
41
4110
Virtual karabakh

Agentlik sədri koronavirusa görə turizm sənayesinin nümayəndələrinə müraciət etdi

19 Mar, 2020
17:07
4110

Agentlik sədri koronavirusa görə turizm sənayesinin nümayəndələrinə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib. 

Sədr müraciətində bildirib ki, bu günlərdə dünya heç də asan günlər yaşamır.

“COVID-19 virusunun yayılması demək olar ki, bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb oldu, bir çox ölkələrin iqtisadiyyatına zərbə vurdu. Böhran nəticəsində dünya turizm sənayesi ən çox zərər görən sahələrdən biri oldu. Bütün dünya üzrə hotellər bağlanır, turizm agentlikləri, sahibkarlar iflasa uğrayır, işçilər ixtisara salınır. Təəssüf ki, qlobal turizm sənayesinin bir hissəsi olmaqla Azərbaycanın turizm sahəsi də itkilər vermək məcburiyyətində qalır. 

Biz ümumi vəziyyətdən xəbərdarıq, sənayedən daxil olan, həmçinin sizinlə mütəmadi keçirdiyimiz görüşlər zamanı aldığımız məlumatlara əsasən Azərbaycanda turizm biznesində proseslərin müvəqqəti olaraq dayandırılması və işçilərin ixtisar edilməsi faktları ilə tanışıq. Əlbəttə, bu, çox ağır və təəssüfləndirici haldır”, - deyə müraciətdə qeyd olunub.

F.Nağıyev həmçinin vurğulayıb ki, ilin əvvəlində cənab Prezident İlham Əliyev turizm sahəsinin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci gəlirli sahəsi olduğunu vurğulayaraq, uğurlarımızı qeyd edib:

“Biz birgə səylərimizin nəticəsində ildən-ilə Azərbaycana daha çox turistin cəlb olunmasına, ölkədə daxili turizmin inkişafına, infrastrukturun genişlənməsinə və ən əsası yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmuşuq. Hazırki qlobal böhrandan da, bu çətin vəziyyətdən də məhz birgə səylərimiz nəticəsində çıxa bilərik. Hər kəsə məlumdur ki, turizm cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik. 

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına yaxın günlərdə təkliflər paketinin hazırlanması tapşırılıb. Cənab Prezidentin tapşırıqları çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən digər dövlət strukturları ilə birgə Azərbaycan turizm sənayesinin dəstəklənməsi üzrə təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib.

Hazırda hamımız üçün ən əsas amil bu sahədə fəaliyyət göstərən hər kəsi dəstəkləməkdir. Təbii ki, yüksək ixtisaslı kadrların itkisi bizim sənaye üçün böyük ziyan deməkdir. Biz buna yol verə bilmərik. Biz - dövlət sektorunun təmsilçiləri və siz - sahibkarlar bu günlərdə vəziyyətin və qəbul edilmiş qərarların məsuliyyətini anlayaraq davranmalı, turizm sənayesinin, ölkənin və vətəndaşların rifahı naminə birlikdə olmalıyıq. 

Buna görə də hər birinizi bu və ya digər qərarları qəbul edərkən sosial məsuliyyəti dərk edərək addım atmağa səsləyirik. Sevindirici haldır ki, artıq bəzi sahibkarlar iş yerlərinin saxlanması ilə bağlı bizim tövsiyələri nəzərə almaq barədə qərar qəbul ediblər. 

Qeyd etməliyik ki, 21-ci əsrin əvvəllərindən dünya turizm sənayesi artıq bir neçə dəfə qlobal böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar. 

Azərbaycanın turizm sahəsi çox gənc olduğundan biz hələ bu cür böhran vəziyyətlərindən keçməmişik. Ancaq yeni dünya sistemi göstərir ki, hər böhrandan sonra turizm bərpa olunur və daha da sürətlə inkişaf edir. Şübhəsiz, bu dəfə də belə olacaq. 

Böhran mütləq surətdə keçəcək. Biz bu böhrandan birgə səylərimiz nəticəsində çıxacağıq. Əlbəttə, biz peşəkar kadrlarımızı qoruyub saxlaya bilsək, bu proses daha effektiv olmaqla daha qısa müddətdə baş verəcək”. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri