25 
Yan
2022
19:50
263
43
2498
Virtual karabakh

Həkim-infeksionist: “Yoluxanların sayı artsa da, xəstəxanaya yerləşdirilənlərin sayı çox deyil”

25 Yan, 2022
19:50
2498

Həkim-infeksionist: “Yoluxanların sayı artsa da, xəstəxanaya yerləşdirilənlərin sayı çox deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər ölkədə koronavirusa yoluxma hallarının sayında ciddi artım müşahidə olunur. Bu artım virusun yeni ştamı olan “omikron”la bağlıdır. Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxan şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir”.

Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır: “Çünki koronavirus əleyhinə peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Vətəndaşlarımıza yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyi tövsiyə edirəm”.

Həkim-infeksionist qeyd edib ki, ölkədə yeni aşkarlandığı müddətdə “omikron” ştamına yoluxan şəxslərin hamısı sağalıb və onların səhhətlərində hər hansı problem müşahidə edilməyib: “Ümumiyyətlə beynəlxalq təcrübəyə əsaslanıb deyə bilərik ki, hazırda “omikron” yayılmağa başladığı ölkələrdə “delta” ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “omikron” ilə əlaqəli olduğu bildirilir. Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”.

L.Qalimova əlavə edib ki, ölkədə istifadə olunan peyvəndlər yeni ştama qarşı da effektivdir: “Peyvəndlə yanaşı, gigiyena və sosial məsafə qaydalarına riayət edilməlidir. Çünki bu virus hava-damcı yolu ilə yayılır. Həmçinin insanlara kütləvi yerlərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Əgər məcburən həmin yerlərdə olurlarsa, mütləq maskadan istifadə edilməlidir”.

Mütəxəssis, həmçinin xatırladıb ki, ölkədə karantin müddətinin 14 gündən 7 günə endirilməsi də sağalanların sayının yüksək olmasına təsir etmiş olur: “Bu qayda elmi araşdırmalar nəticəsində qəbul edilib. Çünki "omikron" ştamının genetik xüsusiyyətləri öyrənilir. İlkin nəticəyə görə karantin müddətin azaldılması daha labüd olub. Odur ki, insanlar qoyulan bütün qaydalara ciddi əməl etməli və kütləvi vaksinasiya prosesində iştirak etməlidirlər”.

Qeyd edək ki, bu günə olan məlumata əsasən, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11 525 test icra olunub: “Nəticədə koronavirusa yeni 2 468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Sağalanların sayı bugünkü tarixə 5 197 nəfərə çatıb”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri