19 
Apr
2017
12:43
214
94
3633
Virtual karabakh

Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi?

19 Apr, 2017
12:43
3633

Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 1998-ci ildə ləğv edilən ölüm cəzasının Konstitusiyadan çıxarılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və buna aydın izah axtarılıb. 

Oxu.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, belə ki, Azərbaycan Konstitusiyasının insanın yaşamaq hüququnu müəyyən edən 27-ci maddəsində ölüm cəzasının tətbiqi mümkün hesab edilir.

Maddənin 2-ci bəndində “...məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır”, deyə qeyd olunub. Burada məhkəmənin hökmü ilə verilən ölüm cəzası insanın yaşamaq hüququnu pozmadığı bildirilir. Həmin maddənin 3-cü bəndi isə “Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər”, məzmununda müəyyən olunub.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev açıqlamasında bu iki bəndi hüquqi şərh edib.

Ə.Nuriyev bildirib ki, 3-cü maddənin mənası o deməkdir ki, ölüm cəzası yenidən qanunla müəyyənləşdirilə bilər: “Azərbaycanda ölüm cəzası Cinayət Məcəlləsindən çıxarılıb. Nə qədər ki, qanunda ölüm cəzası nəzərdə tutulmayıb, bu, tətbiq edilə bilməz. Konstitusiyanın bu maddəsi gələcəkdə qanuna dəyişiklik edilərək ölüm cəzasının tətbiqini mümkün edir. Nəzəri baxımdan gələcəkdə Azərbaycanda ölüm cəzasının tətbiqi mümkündür. Bunun üçün isə qanuna dəyişiklik edilməlidir. Bu da Cinayət Məcəlləsinə edilən dəyişikliklər təklifinin parlament tərəfindən təsdiqlənməsi yolu ilə olmalıdır”.

Ə.Nuriyev 3-cü bənddə göstərilən “tam ləğv edilənədək” ifadəsinin izahını da verib: “Bunun 1998-ci ildəki qərara aidiyyəti yoxdur. Bu ifadə ölüm cəzasının Konstitusiyadan da çıxarılmasını nəzərdə tutur. Bunun üçün isə referendum keçirilməlidir. Referendumun nəticəsində ölüm cəzasının tətbiqinin mümkünlüyü Konstitusiyadan çıxarılsa, o zaman tam ləğv edilmiş sayılacaq”. 

Ə.Nuriyev qeyd edib ki, bu gün Azərbaycanda ölüm cəzasının tətbiqi mümkün deyil: “Biz Avropa Şurasının üzvüyük, ölüm cəzasının ləğvi bizim öhdəliyimizdir. Mən inanmıram ki,  Azərbaycan bu məsələyə yenidən qayıtsın. 27-ci bənd sadəcə bu imkanı özündə saxlayır. O zaman ölkəmizin müharibə şəraitində olması nəzərə alınaraq bu maddə saxlanılmışdı. Azərbaycanda Konstitusiya üstün hüquqa malikdir, amma insan hüquq və azadlıqları Konstitusiyadan da üstündür. Azərbaycan məhkəmələri Konstitusiyanın 27-ci maddəsinə istinad edə bilməz”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri