May
2017
16:11
966
101
43126
Virtual karabakh

Biznesmenin oğlu qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndəriləcək – YENİLƏNİB

6 May, 2017
16:11
43126

Biznesmenin oğlu qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndəriləcək – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan Oxu.Az-a verilən xəbərə görə, birgə açıqlamada deyilir:

“3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir) tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A. Məmmədovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

13:11

Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in “Təhlükəsiz şəhər” Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Porsche” markalı 99-BS-999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. “Təhlükəsiz şəhər” Xidmətinin  həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və  264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri