18 
Sen
2018
08:00
158
29
6782
Virtual karabakh

“Ağdam bandası”nın lideri məhkəmə qarşısında

18 Sen, 2018
08:00
6782

“Ağdam bandası”nın lideri məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində silsilə qətllərdə təqsirləndirilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə iclası sentyabrın 20-də davam etdiriləcək. 

Rusiyada yaşayan və orada fəaliyyət göstərən “Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə təqsirləndirilir. 

Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonunun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədzadə həbs edilib. 

Murad Məmmədov Sankt-Peterburqda qətlə yetirilən üç nəfərin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək, başqa bir azərbaycanlını öldürməsini istəyib.

Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

“Ağdam bandası”nın başçısı Murad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın dörd nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədov saxlanılıb. Onlar qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər. Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadədən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda o sərbəst buraxılıb. 

Məlum olub ki, Murad Məmmədov sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb. Onların hamısı Ağdam rayon sakini olublar.

“Ağdam bandası”nın üzvlərindən biri isə Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ədalət Əmrahov olub. Həmin vaxt banda başçısı Murad Məmmədov Azərbaycana gələ bilib. Rusiya tərəfi M.Məmmədovun onlara təhvil verilməsini xahiş etsə də, bu istək Azərbaycan məhkəməsi tərəfindən rədd edilib. Beş qətldə, mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə və digər cinayətlərdə təqsirləndirilərək, axtarışa verilən Murad Məmmədov Bakıda həbs edilib. 

Etibar MƏMMƏDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri