27 
Sen
2018
12:13
16
70
4206
Virtual karabakh

Təqsirləndirilən şəxs: Arif Qazıyev mənə dedi ki, bu adama kömək lazımdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə. Əbdüləziz ifadə verib.

O deyib ki, rejissor Arif Qazıyev zərərçəkmiş İxtiyar Həsənovla tanış edib: 

“Arif Qazıyev mənə dedi ki, səni bir adamla tanış etmək istəyirəm, bəlkə sənin ona köməyin dəyər. Ona inşaat işlərində köməklik etmək lazımdır. Mən də dedim ki, baxaram, fikirləşərəm. Biz tanış olduq, məlum oldu ki, İxtiyar Həsənovun bir çox adamlara borcu var, haqqında cinayət işi açılıb. Mən nə məhkəmə görmüşəm, nə polis. Mənim Azərbaycan dövlətinə böyük xidmətlər göstərmişəm. İndi necə oldu ki, mən cinayətkar oldum? İxtiyar Həsənov yazdığı şikayətdə mənim ünvanımı da, adımı da düz yazmayıb. Sual olunur, mənim ünvanımı tanımayan adam necə pul verib? Öncə, Arif Qazıyevin xahişi ilə bu adama kömək etmək qərarına gəldim”. 

Ə. Əbdüləziz deyib ki, A. Qazıyevə İxtiyar Həsənov tərəfindən 10 min manat məbləğində pul verilməsindən məlumatı yoxdur: 

“Mən bu işlə bağlı zərərçəkmişdən 50 min manat pul almamışam. Yalnız 25 min manat mənə pul təklif edib, onun şirkətini tenderdə qalib etdirmək üçün. Mən də bu pulu onun başına vurmuşam. Çünki sonradan gördüm ki, bu, nalayiq adamdır”. 

Ə. Əbdüləziz prokuror Fəhmin Hümbətovun suallarını cavablandırarkən zərərçəkmişdən 300 min pul alması barədə ittihamı da qəbul etmədiyini deyib. Prokurorun “zərərçəmişin sizdən pul tələb etməkdə məqsədi nədir?” sualına Ə. Əbdüləziz belə cavab verib: 

“Bu adam mənə şər atır. O mənə ona görə, şər atır ki, kiminsə sifarişini yerinə yetirir. Məqsəd mənim kimi nüfuzlu adamı həbs etdirmək idi. Sifarişi dövlətimin qabağındakı xidmətlərimi ləkələmək üçün veriblər”.

Ə. Əziz zərərçəkmişin onun evinə gəldiyini təsdiq edib. 

İttihama görə, Ə. Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. 

Belə ki, o, İ. Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.  

Bundan başqa, Ə. Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd “TIR” tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ. Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb. 

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi  Arif Qazıyevin də adı şahid qismində keçir.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri