10 
Yan
2019
16:01
173
49
9611
Virtual karabakh

Qayınanasını öldürən şəxs: Bir o qalmışdı ki, kişiliyimi əlimdən alsın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.  

Elan olunmuş ittihamla C.İsgəndərov özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib.

C.İsgəndərov ifadə verərək, ailəsində yaranan problemə görə qətlə yetirdiyi qayınanasını ittiham edib:

“Biz çox xoşbəxt idik. Həyat yoldaşımdan soruşurdum ki, bizim kimi mehriban ailə varmı? Deyirdi ki, bəlkə də, yoxdur. Amma qayınanam həmişə söz-söhbət yaradırdı. Dolanışığımız da yaxşı idi. Günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz olmayıb.

Mən evlənəndə bir şərt qoymuşdum ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər eləsin. Yoldaşım belə də edirdi, amma qayınanam yenə də problem yaradırdı. Yoldaşımı özü ilə aparırdı, deyirdi ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı olduğumuz zaman da belə söz-söhbət olurdu. Amma sonra mehribanlıq yaranırdı.

Toydan sonra qayınanam mənə deyirdi ki, ya atanı seç, ya da ailəni. Bu sözləri atam da eşitmişdi. Mən anamı itirmişəm. Atam tək dəstəyim idi. Atam mənə dedi ki, ailəndən möhkəm yapış, biz onsuz da ata-balayıq. Atam söylədi ki, ətlə dırnaq arasına girəni iynə ilə çıxarırlar. Yenə də yola verdik ki, mehribanlıq olsun”.

O, hadisəni törədərkən sərxoş vəziyyətdə olduğunu deyib:

“Dəqiq xatırlamıram ki, nə etmişəm. Həmin ərəfədə artıq münasibətlər tam pisləşmişdi. Yoldaşım hamilə olanda anasıgildə qaldı. Mən də darıxırdım, dedim ki, gəlin, bizdə qalaq. Anası razı olmadı, mən də heç nə demədim. Artıq bıçaq sümüyə dirənmişdi. Qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. Yoldaşımı evə buraxmırdı. Bir neçə dəfə 23:00-da işdən çıxıb onlara getdim.

Deyirdi ki, bir də 22:00-dan gec gələni evə buraxmayacaq. Axşamlar yoldaşımla şəhərə çıxmağa da imkan vermirdi. Bir müddət belə davam elədi. Sonra mən də zəng elədim ki, onda gəlib evdəki əşyaları da aparın. Bir dəfə qaynım zəng elədi ki, atası gəlib evdən əşyaları aparacaq. Amma gəlib evə baxsa da, heç nə aparmadı. Gedəndən sonra zəng elədi ki, evdə qalan əşyaların çoxunu sındırmışam, qalanını da gəlib özü sındıracaq.

Mübahisə elədik, söyüş söydü. Mən də onu söydüm. Gecə çox içdim. Toyum olandan sonra içkini atmışdım. Amma həmin gün içdim. Qayınanama zəng elədim, yenə məni təhqir elədilər. Evlərinə getdim. Sonra nə etdiyimi xatırlamıram”.

Məhkəmə prosesi yanvarın 17-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 24 ünvanında baş verib. İttihama görə, 51 yaşlı Fəhminə İsgəndərova əri ilə mübahisə etdiyi üçün qızı Leylanı evinə çağırıb. Lakin Leyla İsgəndərovanın bu hərəkətindən qəzəblənən yoldaşı Cəsarət İsgəndərov onların olduğu evə gedib. 

Qayınanası qapı və pəncərələri bağladığı üçün evin damından mənzilə daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. 

Onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. Onun qayınanası hadisə yerində ölüb. Leyla İsgəndərova xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri