21 
Yan
2019
17:01
49
22
4158
Virtual karabakh

İş adamı məhkəmədə adını dəyişməsinin səbəbini açıqladı

21 Yan, 2019
17:01
4158

İş adamı məhkəmədə adını dəyişməsinin səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Allahverdiyev ifadə verib. 

O bildirib ki, uzun müddət Rusiyada yaşayıb, orada bizneslə məşğul olub. 

R.Allahverdiyev qeyd edib ki, 2012-ci ildən “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından onun şirkətinə 30 milyondan çox kredit ayrılıb:

“Həmin vaxt tikinti materialları almaq üçün bankdan kredit götürdüm. Əmlaklarımı da banka girov qoydum. Hər ay krediti vaxtında ödəyirdim. 2015-ci ildə bankdan mənə dedilər ki, Azərbaycanda bankda vəziyyət qarışıb və krediti təcili ödəməliyəm. Mən də məhkəmə yolu ilə əmlaklarımı banka girov qoydum”.

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, tikinti işləri ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından başqa, Rusiya və Latviya banklarından da kredit götürüb:

“Həmin banklara da başqa əmlaklarımı girov qoymuşam, hazırda işlər davam edir və kreditimi ödəyirəm”.

R.Allahverdiyev adının dəyişdirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, adını “Beynəlxalq Bank”ın Moskva filialından kredit götürməmişdən əvvəl dəyişdirib:

“Atamın adını soyadıma əlavə etmişəm. Bu ad çox yumşaq səslənirdi. Ona görə də soyadımı dəyişdirdim. Çoxdan Rusiya vətəndaşı olmuşam”.

Daha sonra “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialının sabiq rəhbəri Fuad Abdullayev dindirilib. O, 2010-2015-ci illərdə bankın Moskva filialında çalışdığını deyib. 

F.Abdullayev söyləyib ki, onun işlədiyi dövrdə R.Allahverdiyev bankdan girovla kredit götürüb:

“Həmin zaman Rauf “Mişkovski”nin tikintisi üçün bankdan kredit götürdü. Müqaviləyə əsasən, o, əgər krediti ödəyə bilməsə, “Mişkovski” ya icarəyə veriləcəkdir, ya da satılacaqdır”.

O deyib ki, R.Abdullayevin banka qoyduğu girovlar formal olmayıb, işlər rəsmi qaydada həll edilib. 

Məhkəmə iclası yanvarın 25-də davam etdiriləcək. 

İttihama görə, R.Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədilə maliyyə cəlb etməyə çalışıb.

Məlumata görə, R.Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib.

O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri