31 
Yan
2019
15:08
13
60
2011
Virtual karabakh

“Yanğın işi”: Mən cadugər, uzaqgörənəm ki?

31 Yan, 2019
15:08
2011

“Yanğın işi”: Mən cadugər, uzaqgörənəm ki?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov, onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Mərkəzin direktoru olmuş, təqsirləndirilən şəxs Telman Məmmədhəsənov sərbəst ifadə verib.

2011-ci ildən Mərkəzə rəhbərlik etdiyini deyən T.Məmmədhəsənov ona qarşı elan olunmuş ittihamlarla razılaşmayıb. O deyib ki, heç bir xəstənin Mərkəzdəki müalicəsi qeyri-qanuni olaraq uzadılmayıb:

“İttihamda yazılır ki, guya təqsirləndirilən Məhəmmədi məcburi müalicəyə saxlamışıq, müddəti uzatmışıq. Əvvəlcə qeyd edim ki, xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyil. Təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm.

Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər, müalicələri bitəndə də könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, mən heç Məhəmmədin ailəsini tanımıram. Məhəmmədi ailəsinin məcburi Mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər? 

Bir daha qeyd edirəm ki, təlimatda mənim vəzifələrim var. Mən o zaman özümü günahkar bilərdim ki, Mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Xəstəyə iynəni də mən vurum, müalicəni də mən aparım. Belə sual yaranır ki, vəzifə bölgüsü, təlimat nə üçündür?

Mərkəzdə hamı üçün normal şərait yaradılıb. İmkan daxilində ən yaxşısını etmişik. Hətta biz özümüz yeni Mərkəzin inşa edilməsi üçün müraciət etmişik. Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi”.

T.Məmmədhəsənov əlavə edib ki, bu hadisə bilərəkdən törədilən cinayətdir:

“İttihamda da göstərilir ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Belə olan halda, bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə, həmin yanğından xilas olmaq mümkün deyildi. Çünki bina köhnə və yararsız idi. Mən cadugər, uzaqgörənəm ki, kimin ağlında nə olduğunu əvvəldən bilim? Orada üç çıxış qapısı olub. Mən gələndə ora baxış keçirilib. Üçünə də qıfıl vurulub və növbətçi həkimə verilib. Hər dəfə də növbə dəyişəndə açar götürülüb. Ərazidə su çənimiz də olub. Biz bacardığımız bütün işləri görmüşük”.

Çıxışının sonunda T.Məmmədhəsənov ömür boyu dövlətə, millətə xidmət etməsini, YAP üzvü olmasını, ailə vəziyyətini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri