Fev
2019
15:31
22
568
11068
Virtual karabakh

İş adamı oğlunun öldürdüyü şəhid qızını sərxoş “çıxarmaq” istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən E.Babayev özünü təqsirli bilib və günahını etiraf edib. Məlum olub ki, Elnur Babayev iş adamı, “Yeganə” Şadlıq Sarayının rəhbəri Akif Rəhimovdan ümumilikdə 52 500 manat pul alıb. 

Həmin pulun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş. Belə ki, Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin, Elnur Babayev işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edərək, 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə onların xeyrinə danışacaq şahidlərin tapılması, qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini təmin etmək üçün istəyib. Lakin Elnur Babayev vədlərinə əməl etməyib. 

Qeyd edək ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimov barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. Akif Rəhimov “Yeganə” şadlıq sarayının rəhbəridir. O, deputatlığa namizəd də olub. Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri