11 
Fev
2019
18:59
186
28
7348
Virtual karabakh

Gömrük işi: Məhkəmədə generala həbs tələbi

11 Fev, 2019
18:59
7348

Gömrük işi: Məhkəmədə generala həbs tələbi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Əlamət Quliyevin vəkili Bəylər Məmişov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. 

Vəkil deyib ki, Ə. Quliyevə həbslə bağlı olmayan qətimkan tədbiri verilməlidir, çünki onun səhhətində ağır problemlər var.

Sonra təqsirləndirilən Anar Məmmədovun vəkili Abuzər Mehrəliyev də vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsində səhhəti ilə əlaqədar həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini istəyib. 

Fərman Məmmədlinin vəkili Gülşən Salmanova isə deyib ki, hazırda cinayət işi bu formada məhkəmədə araşdırıla bilməz. 

Vəkilin sözlərinə görə, cinayət işi ibtidai istintaqda araşdırılarkən ciddi prosessual pozuntular qeydə alınıb: 

“Bu səbəbdən cinayət işi yenidən prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmalıdır. Çünki ittihamda məbləğ çox şişirdilib. Buna görə də dəymiş zərərlə bağlı ekspertiza rəyləri sübutlar siyahısından çıxarılmalıdır. Dərmanların satışından gələn gəlir hesablanıb, amma dərmanların alınmasına ayrılan vəsait göstərilməyib. Şəxsən mənim müdafiə etdiyim şəxs burada hansı məbləği mənimsəyib, o, göstərilmir. Müəyyənləşdirsinlər görək, qeyd edilən məbləği konkret olaraq, kim mənimsəyib? 

Təqsirləndirilən şəxslərə verilən ittihamlarda göstərilir ki, onlar səhlənkarlığa yol veriblər. İnsan bir dəfə səhlənkarlığa yol verər. Burada göstərilir ki, guya onlar 2015-ci ildən 2018-dək səhlənkarlığa yol veriblər. Fərman Məmmədli hansı qaçaqmalçılıq əməlini törədib? ”. 

Vəkil G. Salmanova daha bir vəsatət verərək, təqsirləndirilən şəxs, general-mayor Fikrət Qədiməliyev barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib:

“İstintaq dövründə vurulan ziyandan bir manat da ödəməyib. Nəyə görə, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, ancaq digərləri həbsdədir? Bu baxımdan hesab edirəm ki, Fikrət Qədiməliyev dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Əgər iş prokurorluğa qaytarılsa, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev barəsində də həbs qərarı verilməlidir”.

Təqsirləndirilən şəxs Fərman Məmmədli isə günahsız olduğunu əsas gətirərək deyib ki, F. Qədiməliyevlə eyni maddə ilə ittiham olunur, ancaq onun həbsdə, general isə azadlıqda olması insanlığa sığan bir şey deyil: 

“Fikrət Qədiməliyevin ifadəsinin istintaqın gedişatına heç bir müsbət təsiri olmayıb. Nə üçün o azadlıqdadır, biz həbsdə? Ya bizi də buraxın, ya da onu həbs edin”. 

F.Məmmədlinin digər vəkili Rəşad Mirmehdizadə də bütün təqsirləndirilən şəxslərə münasibətin eyni olması baxımından F.Qədiməliyevin məhkəmə zalında həbs edilməsinin düzgün qərar olacağını deyib. 

F.Məmmədlinin daha bir vəkili Ceyhun Məmmədov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin qaçaqmalçılıq cinayətinin konkret subyekti olmasını göstərən hər hansı bir dəlil cinayət işi materiallarında öz əksini tapmayıb. Vəkil F. Məmmədliyə verilmiş mənimsəmə maddəsinin ittihamdan çıxarılmasını istəyib.

Daha sonra Cəmil Mehdiyevin vəkili Əbil Həsənov cinayət işinə xitam verilərək, işin ibtidai araşdırma orqanına qaytarılması haqqında vəsatət qaldırıb. Vəkil C. Mehdiyevin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi istəyib. 

Hakim verilən vəsatətlərlə bağlı növbəti məhkəmə iclasında qərar veriləcəyini deyib. 

Buna görə proses fevralın 14-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 manat təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. 

Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən aptekə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. 

Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki "Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri