13 
Fev
2019
17:08
45
216
13191
Virtual karabakh

Azərbaycandan beş milyard pul çıxaran: 700 manat maaş alırdım

13 Fev, 2019
17:08
13191

Azərbaycandan beş milyard pul çıxaran: 700 manat maaş alırdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib. 

O bildirib ki, taksi sürücüsü işləməzdən əvvəl beton zavodunda operator vəzifəsində çalışıb. R.Vəliyev doqquz şirkətin direktoru olduğunu, əvvəllər bankda işləmədiyini bildirib:

“Əməkhaqqım 700 manat olub. Maaşı nağd şəkildə Əli Can verirdi. Malik Əliyev 2013-cü ildə bizimlə çalışdı. O, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi. “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının üzvü Azər Mövsümov, bankın filial rəhbəri Oqtay Hacıyev, Kənan Məcidov və bankın rəhbəri ilə danışıqlarım olmayıb”.

Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsilə xarici şirkətlərin hesabına köçürüb. Həmçinin, R.Vəliyevlə “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının üzvü Azər Mövsümov arasında telefon danışıqları olub. 

R.Vəliyev qeyd edib ki, bankın Xətai filialında yer ayrılması üçün A.Mövsümovla görüşə Malik gedib. 

Daha sonra digər təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev dindirilib. O, 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib:

“Rüfət Türkiyə vətəndaşının yanında çalışdığını, onun mal dövriyyəsinin geniş olduğunu bildirdi. Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım. Azər Mövsümova bankda yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Əli Canı isə bir dəfə görmüşəm”.

Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb, xaricə köçürüb. 

Proses fevralın 20-də davam etdiriləcək. 

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.

M.Əliyev onu “AGBank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGBank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb. 

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri